14 iyun 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Qurtuluşdan doğan Zəfər” mövzusunda tədbir keçirilib.
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova bu əlamətdar gün ilə əlaqədar hər kəsi təbrik edərək, bu tarixi günün əhəmiyyətini vurğulayıb və ötən illər ərzində əldə edilən nailiyyətlər haqqında məlumatları diqqətə çatdırıb. O, bu günün həm də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın ən gərgin və çətin vaxtlarında hakimiyyətə gəlməsinin növbəti ildönümü olduğunu diqqətə çatdıraraq, bunun sadəcə təqvimdə bir gün kimi deyil, həm də Azərbaycanın tarixi taleyində əhəmiyyətli rol oynadığını bildirib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edən Komitə sədri tarixi şəxsiyyətin Azərbaycanın inkişafı yolunda xidmətlərini qeyd edərək, bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin edən bir dövlət aparatının qurulması, hüquqi islahatların həyata keçirilməsi, Ali Qanun Konstitusiyanın qəbul edilməsi, yeni institutların yaradılması, ölkəmizin tərəqqisinə töhfə verən Yeni Azərbaycan Partiyasının yaradılması, Azərbaycana olan xarici təzyiqlərin qarşısının alınması və çətin iqtisadi durumda olan ölkəmizə xarici investisiyaların cəlb edilməsi Ulu Öndərin əldə etdiyi uğurlardan idi. O, xüsusilə vurğulayıb ki, Heydər Əliyevin bioqrafiyasına nəzər saldıqda yalnız bir fərdin, bir siyasətçinin tərcümeyi-halını və həyatını deyil, bütövlükdə onun təmsil etdiyi və mənsub olduğu bir xalqın və dövlətin tarixi gözümüzün önünə gəlir.
B. Muradova Ulu Öndərin əsasını qoyduğu məqsədyönlü siyasətin Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdiyini diqqətə çatdıraraq, bütün sahələrin inkişafı istiqamətində çox vacib addımların atıldığını, onun Ali Baş Komandanlığı ilə tariximizə qızıl hərflərlə yazılan Böyük Zəfərin qazanıldığını qeyd edib.
Daha sonra çıxış edən sədr müavini Sədaqət Qəhrəmanova gənc kollektiv üçün tədbirin əhəmiyyətini vurğulayaraq, bu tarixi bilməyin hər kəs üçün vacib olduğunu bildirib. Bugünki qələbəmiz, zəfərimiz o qurtuluşun, başlanğıcın nəticəsidir. Bu gün ardıcıl olaraq Heydər Əliyev siyasətinin həyata keçirilməsi, İlham Əliyevin qürurla, inamla bu siyasəti davam etdirməsi xalqın qələbəsidir. Bu gün mövcud olan Azərbaycanı gəncliyimiz qorumalı və inkişaf etdirərək zirvəyə aparmalıdır.
Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, tənəzzüldən tərəqqiyə doğru keçid nöqtəsi olan bu dövrdə müstəqilliyini yenicə qazanan Azərbaycan onu itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı, iqtisadi böhran, getdikcə gərginləşən siyasi vəziyyət əhalinin durumunu gündən-günə ağırlaşdırırdı. Həmin dövrdə hər kəs əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Bununla da ölkəmiz vətəndaş müharibəsindən və parçalanmadan xilas oldu. O əlavə edib ki, həmin dövrdən əsası qoyulan milli birlik və dövlətçilik o qədər güclü oldu ki, kənar təsirlər ona müdaxilə edə bilmədi. Nəticədə bu gün Azərbaycan dünyada nüfuzu getdikcə daha da artan, söz sahibi ölkəyə çevrilib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da Milli Qurtuluş Günü münasibətilə təbriklərini səsləndirərək, bu tarixi günün əhəmiyyətini bir daha vurğulayıblar.
Sonda bildirilib ki, gələcək nəsil tariximizi dəyərləndirərək, bu tarixdən nəticə çıxarmalı və ölkəmizin tərəqqisi yolunda vəzifələrini müəyyənləşdirərək onlar da öz töhfələrini verməyə çalışmalıdırlar.
Tədbir müzakirələrlə davam edib.
BÜNYAMİN BÜNYADZADƏ
İNTERPRESS.AZ