ABŞ Prezidenti Co Bayden administrasiyası Quantanamo həbs düşərgəsinin bağlanması üçün hərəkətə keçib.
Diasporpress.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn məlumat verib.
O bildirib ki, hökumət düşərgənin gələcəyi ilə bağlı siyasətini yenidən gözdən keçirəcək:
“Milli Təhlükəsizlik Şurası bu istiqamətdə irəliləyiş əldə etmək üçün Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq edəcək və ABŞ Konqresi ilə də yaxından məsləhətləşəcək”.
Qeyd edək ki, beynəlxalq terrorçular üçün nəzərdə tutulmuş Quantanamo 11 sentyabr terror hadisəsindən sonra yaradılıb.
ATƏT və BMT ekspertləri də daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ABŞ-ın yeni rəhbərliyini Quantanamo həbs düşərgəsini təcili olaraq bağlamağa çağırıblar. Çünki orada bir çox məhbus məhkəmə və istintaq olunmadan saxlanılır, işgəncələrə məruz qalır.
ABŞ-ın keçmiş Prezidenti Barak Obama Quantanamonun bağlanması barədə sərəncam imzalasa da, Konqres düşərgənin bağlanmasını maliyyələşdirməkdən imtina etmişdi.
Donald Tramp hakimiyyətə gəldikdən sonra isə Obamanın fərmanını rəsmi olaraq ləğv etmişdi.
Quantanamoda 775 məhkum həbs həyatı yaşayıb. Hazırda həbsxananın yerləşdiyi ABŞ-ın Kubadakı bazasında 40-a yaxın məhbus var.
Diasporpress.az