Qrant müsabiqəsində qalibləri seçərkən kimlərə üstünlük verilir? – MÜSAHİBƏ

Qrant müsabiqəsində qalibləri seçərkən kimlərə üstünlük verilir? – MÜSAHİBƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələr Departamentinin müdiri Elnur Bağırlının SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

– Agentliyin fəaliyyəti haqqında məlumat verə bilərsinizmi? Agentlik QHT-lərə hansı dəstəyi göstərir?

– Çox sağ olun. Agentlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı 2021-ci il 19 aprel tarixində yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, onların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsindən və s. ibarətdir. Agentlik qeyri-hökumət təşkilatlarına məlumatlandırma, konsultativ, metodiki, maliyyə yardımı dəstəyi göstərir.

 

– Agentlik QHT-lərə maliyyə dəstəyini hansı formada göstərir?

– Əksər donor təşkilatlar kimi Agentlik də maliyyə yardımını qrant müsabiqələri vasitəsilə göstərir. Qrant müsabiqəsinin mövzuları cəmiyyətimiz üçün bütün sahələri əhatə edir və qrant müsabiqələrində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün QHT-lər iştirak edə bilir. Agentlik il ərzində bir neçə dəfə qrant müsabiqələri elan edir və elanlar rəsmi sosial şəbəkə hesabları və KİV-lərdə işıqlandırılır. Onların təqdim etdiyi layihələr ekspertiza prosesindən sonra Agentliyin Müşahidə Şurasının qərarı ilə maliyyələşdirilir.

 

– Müsabiqə qalibləri seçilərkən kimlərə üstünlük verilir? Kimlər qalib hesab olunur? Şəffaflıq necə təmin olunur?

– Qrant müsabiqələri bir neçə mərhələdən ibarətdir. Əvvəlcə QHT-lərin təqdim etdiyi ərizələr və layihə sənədləri ilkin texniki seçim mərhələsindən keçir. Bu prosesdə Agentliyin Aparatının əməkdaşları tərəfindən sənədlərin müsabiqə qaydalarına uyğunluğu yoxlanılır. Texniki seçim mərhələsindən sonra QHT layihələri ekspertiza mərhələsinə keçirilir. Mövzu üzrə Agentliyin müəyyən etdiyi ekspertlər tərəfindən layihələr ekspertiza olunur və nəticələr Agentliyin Müşahidə Şurasına təqdim olunur. Müşahidə Şurası ekspertizanın rəyinə əsasən layihələrin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edir. Göründüyü kimi maliyyələşdirilmə təqdim olunan layihə sənədlərinin hazırlanma və icra səviyyəsindən asılıdır.

 

– Agentlik gənclər təşkilatlarına qrant ayırırmı?

– Qeyd etdiyim kimi, Agentlik Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün QHT-lərə qrant ayırır.

 

– Layihələrin icrasına nəzarət hansı formada təşkil olunur?

– Müşahidə Şurasının qərarı ilə qalib elan edilən QHT-lərlə qrant müqavilələri bağlanılır. Qrant müqavilələri bağlandıqdan sonra layihələrin icrasına Agentliyin Aparatının Layihələrin idarəedilməsi departamentinin əməkdaşları nəzarət edir. Bakıda, müxtəlif regionlarda və xarici ölkələrdə icra olunan layihələrin monitorinqi daim aparılır. Monitorinq layihənin hazırlıq mərhələsi, tədbirlərin təşkili mərhələsi, tədbirlərin keçirilməsi mərhələsi və yekun olaraq hesabatların hazırlanması və təqdimatı mərhələsini əhatə edir. Departamentin əməkdaşları təşkil olunan tədbirlərdə iştirak edir, bəzən tədbirlərin təşkil prosesində QHT-lərə dəstək verir, çatışmazlıqlar, uyğunsuzluqlar olduğu halda isə QHT-lərə xəbərdarlıq olunur.