Ölkə

“Qoşulmama Hərəkatı ilə tanışlıq” mövzusunda birinci yay düşərgəsi yekunlaşıb

“Qoşulmama Hərəkatı ilə tanışlıq” mövzusunda birinci yay düşərgəsi yekunlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 16-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkilatçılığı ilə “Qoşulmama Hərəkatı ilə tanışlıq” mövzusunda keçirilən yay düşərgəsinin bağlanış mərasimi keçirilmişdir.

Diasporpress.az xəbər verir ki, 12-17 iyun tarixlərində Şəki şəhərində baş tutmuş layihənin məqsədi gəncləri Qoşulmama Hərəkatının (QH) dəyərləri, prinsipləri, tarixi əhəmiyyəti, eləcə də QH-nin gündəliyində olan aktual məsələlərlə tanış etmək olmuşdur.

Tədbirin bağlanış mərasimi QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin nitqi ilə başlayıb. Tədbirdə yekun nitqi söyləyən sədr gənclər arasında QH ilə tanışlığın önəmini vurğulayaraq tədbir iştirakçılarına aktiv iştiraklarına görə təşəkkür etmişdir. Bağlanış mərasimi zamanı, gənclər layihə ilə bağlı müsbət rəylərini bildirmiş, QHGT-nin gələcək layihələri ilə bağlı suallarını sədrə yönləndirmişlər. Daha sonra, tədbir iştirakçılarına sertifikatlar təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir. Ardınca düşərgə çərçivəsində təşkil olunan müxtəlif kateqoriyalar üzrə intellektual və idman oyunlarının qalibləri dəyərli hədiyyələrlə təltif olunmuşlar. Sonda, sədrin iştirakı ilə düşərgə tonqalı ətrafında toplanan gənclər əyləncəli oyunlar oynamış, düşərgənin son gününü musiqi sədaları altında başa vurmuşlar.

Ümumilikdə, 60-dan çox yerli və xarici gəncin iştirakı ilə baş tutan beynəlxalq düşərgədə müxtəlif sahələr üzrə mütəxəssislər iştirak etmiş və gənclərə QH-nin müasir dünyada əhəmiyyətini dərk etməklə birgə, beynəlxalq münasibətlər və diplomatiya sahəsində bacarıqlarını inkişaf etdirməyə kömək etmişdir. 5 gün davam etmiş beynəlxalq düşərgə ərzində gənclər müxtəlif təlim, seminar və vörkşoplarda iştirak etmiş, çoxsaylı müzakirələr zamanı QH-nin tarixi, dəyərləri, eləcə də hərəkatın əsas götürdüyü Bandunq prinsipləri haqqında məlumatlanmışlar. Düşərgə ərzində iştirakçılar Şəkinin tarixi abidələri və görməli yerlərini ziyarət etmiş, o cümlədən, Şəki mətbəxinə məxsus təamları dadmışlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2021-ci ilin 4 oktyabr tarixində virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci ilin 29 iyul tarixində Şuşa Akkordu ilə Təşkilata çevrilmişdir. Təşkilat hal-hazırda QH üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoquna təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.