İyunun 12-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkilatçılığı ilə “Qoşulmama Hərəkatı ilə tanışlıq” mövzusunda keçirilən yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. 12-17 iyun tarixlərində Şəki şəhərində keçiriləcək layihə çərçivəsində gənclər Qoşulmama Hərəkatının (QH) dəyərləri, prinsipləri, tarixi əhəmiyyəti, eləcə də QH-nin gündəliyində olan aktual məsələlərlə tanış olacaqlar.
Diasporpress.az tədbirin açılış mərasimi QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin nitqi ilə başlayıb. Açılış mərasimi zamanı, iştirakçılar layihənin əsas məqsədləri və mövzuları, eləcə də növbəti 5 gün ərzində baş tutacaq müxtəlif fəaliyyətlər ilə tanış olublar. Daha sonra, iştirakçıların bir-biri ilə yaxından tanış olması və iştirakçılar arasında effektiv komanda quruculuğuna təkan vermək məqsədi ilə şəbəkələşmə oyunları təşkil olunmuşdur. Tədbirin ilk günü QHGT-nin əməkdaşı Nəzrin Qasımovanın “Bandunq prinsipləri və Qoşulmama Hərəkatının tarixi” adlı seminarı ilə davam etmişdir. Müzakirə zamanı iştirakçılar QH-nin tarixi, dəyərləri, eləcə də hərəkatın əsas götürdüyü Bandunq prinsipləri haqqında məlumatlanmış, habelə bu mövzuda çoxsaylı suallarını yönləndirərək fikir mübadiləsi aparmışlar. Düşərgənin birinci günü axşam əyləncəsi ilə yekunlaşmışdır.
Ümumilikdə, 60-dan çox yerli və xarici gəncin iştirakı ilə baş tutan düşərgə iyunun 17-nə qədər müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə davam edəcəkdir və gənclərə QH-nin müasir dünyada əhəmiyyətini dərk etməklə birgə, beynəlxalq münasibətlər və diplomatiya sahəsində bacarıqlarını inkişaf etdirməyə də kömək edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2021-ci ilin 4 oktyabr tarixində virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci ilin 29 iyul tarixində Şuşa Akkordu ilə Təşkilata çevrilmişdir. Təşkilat hal-hazırda QH üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoquna təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.