Ölkə

“Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi” başa çatıb

“Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi” başa çatıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən “Qoşulmama Hərəkatı (QH) Gənclərinin Şuşa Həftəsi” layihəsi 28 iyul tarixində başa çatıb.

Diasporpress.az xəbər verir ki, günün ilk hissəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə “Gənclər arasında əməkdaşlığın gücləndirilməsinin yolları” mövzusunda interaktiv sessiya keçirilib.

O. Qəhrəmanzadənin qısa təqdimatı ilə başlayan sessiya qrup məşğələsi ilə davam etdirilib.
Daha sonra iştirakçı gənclər Şuşa şəhəri ilə yaxından tanış olmaq üçün şəhər turuna qatılıblar. Gəzinti çərçivəsində bələdçi tərəfindən iştirakçılara Şuşa şəhərinin tarixi, mədəni əhəmiyyətə malik görməli yerləri, o cümlədən Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və Şuşa Qalası barədə ətraflı məlumat verilib.

Şuşa həftəsinin son günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyevin moderatorluğu ilə “Diplomatiya və liderlik: diplomat olmaq üçün nə lazımdır?” mövzusuna həsr edilən sessiya ilə davam edib. İştirakçılara diplomatiya tarixi, həyata keçirilmə üsulları, diplomatlara xas olmalı olan xüsusiyyətlər və digər mövzularda məlumat verilib. Sessiya iştirakçı gənclərin qruplara bölünərək sessiyanın mövzusu üzrə praktiki tapşırıqları yerinə yetirməsi ilə davam edib.
Günün sonunda “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi”nin bağlanış mərasimi baş tutub. QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə keçən bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov öz çıxışında QH-nin qlobal siyasətdə vacib roluna və bu xüsusda Hərəkatın gənclər təşkilatının yaradılmasının əhəmiyyətinə diqqət çəkib. Bağlanış mərasimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevin çıxışı ilə davam edib. Şuşa şəhərinin QHGT-nin tarixində xüsusi rolunu qeyd edən Y. Rəfiyev XİN tərəfindən QHGT-yə göstərilən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib, “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi”ndə fəal iştiraklarına görə iştirakçılara sertifikatlar və mükafatlar təqdim edilib.