Qazax rayonunda yeni qurulan gənc ailələrin nikah mərasimlərinin Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsi artıq bir ənənə halını alıb.
Bu gün Vətən müharibəsi qazisi, Qazax şəhər sakini, ölkə Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Musayev Kənan Nadir oğlu da ailə həyatı qurub.
Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə daim diqqət və qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qazimizin xoş günündə də onun yanında olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva və RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanovla birlikdə qazimizin nikah mərasimində iştirak edərək ona səmimi ürək sözlərini çatdırıb.
Qazax Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova nikah mərasimləri keçirilən Kənan Musayevə və Nərmin Qənbərovaya ailə səadəti arzulayıb, bu gözəl gün münasibətilə qazimizin anasını təbrik edib. Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə belə mərasimlərin təşkil olunmasını yüksək qiymətləndirib.
Gənclər tərəfindən imzalar atıldıqdan sonra hər iki gəncin ailə nikahları rəsmi qeydə alınıb. Nikah haqqında Şəhadətnaməni gənclərə təqdim edən M.Səmədova bir daha hər iki gənci təbrik edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgəri olan qazi Kənan Musayevi ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri gənclərə nikah hədiyyəsini təqdim edərək qazimizin anasına bir daha gözaydınlığı verib.
Qazimizin anası Məhəbbət Məmmədova şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə təşəkkür edib. Dövlətin qayğısını hər zaman hiss etdiklərini qeyd edərək bugünkü gündə onların yanında olmalarını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Diasporpress.az