Bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı keçirilən “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” öz işinə başlayıb.
İnterpress.az xəbər verir ki, Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu”nun layihə rəhbəri, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı konsul Zaur Allahverdi-zadə ilə birlikdə Ulu Öndərin abidəsini ziyarət ediblər.
Daha sonra heyətin Baş konsul Nərminə Mustafayeva ilə görüşü olub. Baş konsula forumun məqsədi və gündəliyi barədə məlumat verilib. Bildirilib ki, Türkiyədə baş verən zəlzələ də forumda diqqət mərkəzində olacaq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin həmrəylik ruhuna çevrilməsinin örnəyi kimi ələ alınacaq. Nərminə Mustafayevə Heydər Əliyevin 100 illiyilə bağlı keçirilən forumun gənclər arasında inteqrasiyanı gücləndirəcəyinə əminliyini ifadə edib və forumun işinə uğurlar arzulayıb.
Qeyd edək ki, forumdakı müzakirələrdə konsul Zaur Allahverdi-zadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, “Haber7” saytının baş redaktoru Osman Atəşli, “Ülke TV”nin xəbər koordinatoru Mustafa Yıldız iştirak edəcəklər.
Layihə rəhbəri Aqil Ələsgər forumun açılış nitqindən sonra protokol çıxışlarına yer veriləcək. Forumda “Anadoludan Qarabağa: Media Paneli” və “Qarabağdan Anadoluya Gənclər Paneli” adlı iki hissədən ibarət müzakirələr təşkil ediləcək.
Onu da bildirək ki, “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.