Misirdə fəaliyyət göstərən diaspor mərkəzində Qahirənin müxtəlif universitetlərində bakalavr və magistr təhsili alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
“Vətənpərvər” – Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, görüş zamanı Azərbaycan həqiqətlərinin Misir və qonşu ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması, 44 günlük Vətən müharibəsi və ordumuzun şanlı Qələbəsi barədə obyektiv məlumatların yerli media orqanlarında yayılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Təhsil aldıqları universitetlərdə həmyaşıdlarını bu barədə məlumatlandırmağın və sosial media şəbəkələrinin ərəb seqmentində Azərbaycan haqqında rəsmi materialların daha geniş yayılmasının böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb. Bildirilib ki, diaspor nümayəndələri və fəal azərbaycanlı gənclər ölkəmizin tarixi, zəngin mədəniyyəti, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində fəal iş aparır, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə Misirdə keçirilən silsilə tədbirlərdə yaxından iştirak edirlər.
Görüşdə çıxış edən tələbələr təhsildə qazandıqları uğurlardan danışaraq universitetlərdə vətənimizi layiqincə təmsil etdiklərini vurğulayıblar və sosial media şəbəkələrində Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördükləri işlərdən bəhs ediblər.
Diasporpress.az