Yaxın Şərq və Şimali Afrikada Türkiyənin siyasi uğuru hər keçən gün artmaqdadır. 8 illik fasilədən sonra Misirin paytaxtı Qahirədə Misir və Türkiyə arasında XİN başçılarının müavinləri səviyyəsində görüş baş tutdu. Bu hadisə 2013-cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra tərəflər arasında ilk vacib addım kimi də qiymətləndirilə bilər.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.
Politoloq qeyd edib ki, Türkiyəni bu görüşdə XİN başçısının müavini təcrübəli diplomat Sədat Önal, Misiri isə XİN başçısının müavini Handi Sanal Noza təmsil edirdi:
“Görünən odur ki, bir neçə ay bundan öncə Türkiyəyə qarşı bəzi ittifaqlarda təmsil olunan Misir Ankara ilə razılığa gəlməkdən başqa yolu olmadığını anlayıb və ona görə də danışıqlar masasına oturmağa razılıq verib.
Hesab edirəm ki, bundan sonrakı mərhələdə qarşılıqlı şəkildə addımların atılmasını müşahidə edə biləcəyik: səfirliklərin yenidən təyin edilməsi, XİN başçılarının və digər dövlət rəsmilərinin görüşünün təşkili, həmçinin qarşılıqlı ticarət-iqtisadi əlaqələrin bərpası…
Əgər Türkiyə Misirlə danışıqlar masasına oturub, maraq dairələrini müəyyənləşdirirsə, deməli, Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəm başlanıb”.
DiasporPRESS.az