Diasporpress.az xəbər verir ki, deputat qeyd edib ki, 2020-ci ildən başlayaraq Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutulmaqla prokurorluq orqanlarında institusional, qanunvericilik və kadr islahatları həyata keçirilməkdədir:
“Baş Prokurorluğun müasir dövrün çağırışlarına müvafiq, çevik və funksional fəaliyyətini təmin etmək məqsədilə Prezidentin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə yeni struktur təsdiq edilib. Eyni zamanda Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-dək artırılıb. Bununla yanaşı olaraq, müvafiq bilik və peşə bacarığı olan, şəffaf fəaliyyəti, müasir dünyagörüşünə malik şəxslər prokurorluq orqanlarında yüksək vəzifələrə təyin ediliblər.
Qanun layihələrinin məqsədlərindən biri də prokurorluq orqanlarının sosial təminatının yaxşılaşdırılmasıdır.
İkinci istiqamət isə ondan ibarətdir ki, bundan sonra prokurorluq orqanlarına daxil olan şəxslər icbari təlimi Prokurorluğun elm-tədris mərkəzində keçəcəklər. Bunun da öz səbəbləri var. Çünki Prokurorluğun elm-tədris mərkəzinin fəaliyyətinə peşəkarlar cəlb edilib, bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb, o cümlədən yeni və müasir inzibati binası və təlim otaqları var.
Üçüncü istiqamət isə stajorluq və sınaq müddətlərinin 2 dəfə azaldılması ilə bağlıdır. Əvvəllər ilk dəfə prokurorluq orqanına daxil olan şəxslər 1 illik stajor kimi sonra attestasiya və daha sonra isə 6 aylıq sınaq müddəti ilə vəzifəyə təyin olunurdular. İndi isə stajorluq müddəti 2 dəfə azaldılaraq 6 ay olur. 5 il hüquqşünaslıq ixtisası üzrə təcrübəyə malik şəxslər stajorluq müddətindən azad oluna bilər. Bundan əlavə, attestasiya ləğv edilir, sınaq müddəti isə 3 ay müəyyən edilir”.
Qeyd edək ki, “Prokurorluq haqqında”qanunun 39-cu maddəsinin dördüncü hissəsinin yeni redaksiyada verilməsi təklif edilir. Bildirilir ki, Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:
– prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
– prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;
– İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi”.
Diasporpress.az