Tapşırıq verilib tədbirlər görülsün ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.
Bunu Prezident İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndinə yola düşərkən deyib.
Dövlət başçısı bildirib ki, evləri də, təbiəti də bərpa edəcəyik.
“Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılıb. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik”, – deyə Prezident əlavə edib.
Dövlət başçısı qeyd edib ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür.
“İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək”.
Cəbrayıl rayonunun Soltanlı kəndinin ərazisinə gələn Prezident İlham Əliyevə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, hazırda əkin sahələrinin monitorinqi davam etdirilir. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.
Bünyamin Çingizoğlu
Diasporpress.az