Ölkə

Prezident İlham Əliyevin daha bir təşəbbüsü BMT-də qəbul edildi – TƏHLİL

Prezident İlham Əliyevin daha bir təşəbbüsü BMT-də qəbul edildi – TƏHLİLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin daha bir qlobal təşəbbüsü müzakirəyə çıxarılıb və qətnamə qəbul edilib.

“COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır.

Xatırlatmaq yerinə düşər ki, qəbul edilmiş qətnamə bu gün üçün kifayət qədər həssas və aktual mövzunu əhatə edir. Dünyanın varlı dövlətlərin vətəndaşlarının COVİD-19 əleyhinə artıq bir neçə aydır, peyvəndlənməyə başlamasına baxmayaraq, planetin yarısından çoxu hələ də vaksinlərin imkansız  ölkələrə gəlməməsindən əziyyət çəkir.

Bəşəriyyətin üzləşdiyi bu çətin dönəmdə üçüncü dövlətlər üçün vaksinləşmənin əlçatan olmasının vacibliyi bu günə qədər bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müxtəlif kürsülərdən qaldırılıb.  Bir müddət əvvəl Dövlət başçısı çıxışlarının birində bildirmişdi: “Azərbaycan dünyadakı “ədalətsiz vaksin bölgüsü”nə qarşıdır. Çünki bizim dövlətimiz mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşmış, birliyi, həmrəyliyi, humanizmi daim təbliğ və tərənnüm etmişdir. Odur ki, zəngin Qərb dövlətlərinin dünyaya vaksin ədalətsizliyi nümayiş etdirməsi, digər insanların həyatını təhlükə altında saxlamasına ölkə olaraq səssiz qala bilməzdik. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycana insan hüquqları və humanizm dərsi keçmək istəyən Qərb dövlətləri ədalətsiz vaksin bölgüsünə imza ataraq necə “demokrat” olduqlarını sübut etdilər”.

Xatırlatmaq yerinə düşər ki, həm ÜST, həm də tibb üzrə ayrı-ayrı ekspertlər hesab edir ki, dünyadakı bu qlobal bəlanın qarşısının alınması üçün peyvəndlənmə ilə kütləvi immun sistemi qazanmaq, COVID-19-a qalib gəlmək mümkündür. Təəssüflər olsun ki, hələ də peyvənd əldə edə bilməyən ölkələr yetərincədir.

Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış ilk ölkə olsa da, digər ölkələrin vaksin əldə edə bilməməsindən narahatlığını daim dilə gətirir.

Respublikamızda yanvarın 18-də tibb işçilərinin vaksinasiyası ilə start götürən peyvəndlənmə bütün rayonlarda uğurla davam edir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, fevralın 8-dən yaşı 65-dən yuxarı, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin, martın 3-dən isə ilkin olaraq paytaxtdakı ümumtəhsil müəssisələrinin yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətinin vaksinasiyası, bu günlərdə isə, 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb. Artıq Azərbaycanda risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunublar.

Vaksinasiya ilə bağlı Azərbaycandakı yaxşı vəziyyətə baxmayaraq, ölkəmiz dünyada humanizmə və insanlığa töhfə vermək baxımında bu proseslərdə də inkişaf etməkdə olan və üçüncü dünya ölkələrini yaddan çıxartmır. Martın 23-də  BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində qəbul edilən qətnamə Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.

Bəşəriyyət qarşısında dayanan hazırda ən aktual problemin aradan qaldırılması üçün Azərbaycanın səyləri fonunda, əfsuslar olsun ki, Ermənistan əvvəllər olduğu kimi, bu dəfə də səsvermədə qətnamənin əleyhinə çıxaraq, əsl simasının nədən ibarət olduğunu açıq-aşkar göstərmişdir. Belə ki, qətnamənin qəbul olunması zamanı çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin qətnamədə nəzərə alınmadığını bildirib. Halbuki erməni tərəfinin təkliflər adlandırdığı istəklərinin COVİD-19 və peyvəndlənmə ilə heç bir əlaqəsi yoxdur. Ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanclıqla yanaşan və tamamilə mövzudan kənar danışan Ermənistan diplomatının Azərbaycanın noyabr ayında buraxdığı poçt markasındakı fotonu həqiqətə uyğun olmayan formada qələmə verməsi, Azərbaycanda guya ermənilərə qarşı nifrət zəminində çıxışların edildiyini, etnik təmizləmə aparıldığını qeyd etməsi bu dövlətin hələ də Qafqazda yeni barış prosesinə hazır olmadığının əyani göstəricisi idi. Son olaraq Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmadığını bildirdi.

BMT-yə üzv dövlətlərin qlobal pandemiya və bu bəladan xilas olmağın yollarını müzakirə etdiyi bir vaxtda İrəvanın sessiyanı siyasiləşdirmək cəhdləri, Azərbaycana qarşı informasiya müharibəsi aparması, münaqişə zonalarına humanitar girişə imkan verilməsi və s. kimi məsələləri qabartmaq istəyi, təbii ki, çoxluq tərəfindən nəzərə alınmayacaqdı. Nəticədə, bu dəfə də Ermənistan diplomatiyası pərt vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin təklifi əsasında müzakirə edilən mövzu üzrə reallıqla barışmalı oldu. Nəticədə, səsi və fikri lazımsız olan Ermənistanın bu bənd üzrə konsensusa qoşulmaması ilə  qətnamə qəbul edildi.

Qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Qətnaməyə, ümumilikdə, 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr var. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.

Məlumat üçün qeyd edək ki, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.

Qeyd etmək yerinə düşər ki, bu, son dövrlərdə Azərbaycanın səyi nəticəsində müzakirəyə çıxarılan ilk belə mövzu deyil. Misal üçün, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr baş tutmuşdu. Həmin vaxta qədər COVİD 19-la bağlı planetin ən böyük təşkilatı olan BMT bu mövzuda dünya dövlətlərinin bir araya gəldiyi belə genişmiqyaslı tədbir keçirməmişdi. Ona görə də bir çox ekspertlər dünyanın qarşılaşdığı bu ağır durumda məhz Prezident İham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasını tarixi əhəmiyyətli tədbir kimi qiymətləndirir. Təsadüfi deyil ki, həmin vaxt dünyanın bir çox dövlətləri bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarında Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulayırdılar.

Beləliklə, martın 23-də Azərbaycan Prezidentinin təklifi ilə dünyanın 200-dək dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə rəsmi Bakının mövqeyi yüksək qarşılanıb. Bu həssas məqamda planetin bütün dövlət və xalqlarının vaksinlərlə bağlı eyni hüquqa malik olmasının zərurəti, əlbəttə ki, Asiya və Afrika dövlətləri üçün olduqca vacib amildir.

Dünya liderlərindən məhz İlham Əliyevin son bir il ərzində bir neçə dəfə pandemiya ilə bağlı incə məqamlara toxunması Azərbaycanın beynəlxalq miqyaslı aktor olmasının bariz nümunəsidir. Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmışdır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

 

Diasporpress.az