2003-cü ildə hakimiyyətə gələrək, prezident vəzifəsinə başlayaraq, söz vermişdim ki, ərazi bütövlüyümüzü qoruyacam, bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi.
Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.
“Halbuki təzyiqlər, təhdidlər olmuşdu, mənə qarşı çevriliş cəhdləri olmuşdu. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdi. Alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda narıncı inqilab təşkil etmək istəmişdilər. Artıq narıncı bantları başlarına bağlamışdılar, narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi.
Mən bunu qoymurdum, ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da narıncı inqilab dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu? İndi hər kəs bunu görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər. 17 ildir orada böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu, yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün cəhdlərə, təzyiqlərə baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim”, deyə, Prezident vurğulayıb.
Diasporpress.az