İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində “Sərsəng Su anbarı: Humanitar fəlakətin bir addımlığında” mövuzunda foto-sərgi və tədbir keçirilmişdir.
Diasporpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə Polşa Azərbaycanlıları Koordinasiya Şurasının Koordinatoru Sedat Şamilli və icraçı direktoru Yusif Məmmədov açaraq iştirakçıları salamlamış, tədbir barədə məlumat vermişlər.
Daha sonra layihə rəhbəri, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov layihə barədə məlumat vermiş, Sərsəng Su anbarının tikilməsi, region üçün əhəmiyyəti və son vəziyyəti ilə bağlı əhəmiyyətli məsələlərə toxunmuşdur. Şahin Camalov həmçinin Ermənistanın və havadarlarının bütün beynəlxalq hüquq norma və prinsiplərinə, həmçinin insani dəyərlərə məhəl qoymayaraq sudan təzyiq və təsir vasitəsi kimi istifadə etməyə davam etməsindən, region əhalisini sudan məhrum edərək həm regionun iqtisadi inkişafına, həm də ekologiyasına vurduğu zərərdən danışmışdır.
Tədbirdə həmçinin Sərsəng su anbarının son durumuna dair iştirakçılara məlumat verilmiş, Anbarda baş verə biləcək hər-hansı qəzanın humanitar fəlakətə dönüşə biləcəyindən danışılmışdır. O da qeyd olunmuşdur ki, Sərsəng Su anbarının işğalda saxlanması regionun 100 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlarına, 700 mindən artıq insanın gündəlik həyatına və onların gündəlik yaşam keyfiyyətinə mənfi təsir etməkdədir.
Tədbir iştirakçıları sonda BMT-nin ixtisaslaşmış təşkilatlarını, Avropa Şurası Parlament Assambleyasını, Avropa İttifaqını, Human Rights Vatch təşkilatını Sərsəsng ətrafında baş verən hadisələrə münasibət bildirməyə, Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) nömrəli Qətnaməsini əldə rəhbər tutaraq Ermənistana və havadarlarına təzyiq etmək və onların ekoloji terrora son qoymaları üçün çağırış etməyə dəvət etmiş, bununla bağlı Bəyanat imzalamışlar.
Qeyd etmək istərdik ki, tədbirin təşkilati dəstəkçisi Azərbaycan Diasporuna Dəstək Fondu və Polşadakı Azərbaycan Evidir.