Azərbaycan diasporunun təşkilatçılığı ilə Perm şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Şəhərin “Siti star” mədəniyyət mərkəzində baş turan tədbirdə Azərbaycan diasporunun üzvləri, müxtəlif icmaların nümayəndələri və üzərində “Biz ədalət tələb edirik” şüarı yazılan köynəklər geyinmiş tələbələr iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edən Perm vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən dəhşətli soyqırımı aktı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı faciəsi indiyədək beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətini almayıb. Xocalıya ədalət çağırışı ilə çıxış etmək, 29 il öncə insanlığa sığmayan bu cinayəti törədən müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etmək hər kəsin borcudur.
Daha sonra tədbirdə Xocalı qətliamının canlı şahidlərinin iştirakı ilə çəkilmiş sənədli film nümayiş etdirilib.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az