Diaspor

Özbəkistanda “Turon” kitabxanasında “Qarabağ Azərbaycan Mədəniyyətinin incisidir” adlı guşə açıldı

Özbəkistanda “Turon” kitabxanasında “Qarabağ Azərbaycan Mədəniyyətinin incisidir” adlı guşə açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019–cu ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın qədimi ”Turon” Kitabxana-İnformasiya Mərkəzi ilə əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Sözügedən Memoranduma əsasən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Turon” Kitabxana-İnformasiya Mərkəzində  “Qarabağ Azərbaycan Mədəniyyətinin İncisidir” adlı guşənin açılış mərasimi keçirilmisdir. Açılış mərasimdə Özbəkistanın tanınmış elm, mədəniyyət, ictimaiyyət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan Yazıçılar Birliyinin rəhbərliyi, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, 100 ildən çox tarixi olan “Turon” kitabxanası Özbəkistanın aparıcı kitabxanaların biridir və 2020 ildə kitabxana üçün Daşkənddəki Abdulla Qadiri parkında Milli üslubda yeni bina tikilərək açılışı edilmişdir. Kitabxanada yaradılan Qarabağ guşəsində Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarının mədəni irsi, abidələrinin maketi, milli xalçaları, tanınmış Qarabağlılar, hər iki ölkənin xəritələri, suvenirlər, Qarabağa dair çoxsaylı nəşrlər, milli musiqi alətləri, fotolar nümayiş etdirilir.

Guşənin açılış lenti kəsildikdən sonra iştirakçılara məlumat verilmişdir ki, Qarabağ guşəsi kitabxanaya gələn hər bir oxucu üçün açıq olacaq və burada Qarabağın nəinki Azərbaycan, ümumilikdə Türk dünyası, İslam Dünyası üçün əhəmiyyəti, tarixi və mədəniyyəti öyrəniləcək, təbliğ ediləcəkdir. Azərbaycan xalqının əsrlərlə bu diyarda yaratdığı böyük mədəniyyət, ədəbiyyat, musiqi haqqında guşədə stendlər daimi sərgilənəcəkdir.

Guşədə tanınmış qarabağlıların fotoları, Azərbaycan Mədəniyyət Mərkəzinin əl işləri dərnəyinin uşaqlarının hazırladığı “Xarı Bülbül” ikonası iştirakçılara təqdim olunmuşdur. Qeyd olunub ki, “Xarı Bülbül” çiçəyi dünyada yalnız Qarabağda, Şuşada yetişir. Vətən müharibəsi illərində şəhidlilərin əziz xatirəsinin anma gününə həsr olunmuş və bu məqsədlə hazırlanmış “Xarı Bülbül” ikonasının mənası barədə məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

“Turon” Kitabxanasının zalında rəsmi açılış mərasimdə çıxış edən direktor Dildora Abduazizova  Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin çox əsirlik tarixi olduğunu, orta əsirlərdə Böyük İpək Yolunun xalqlarımızın birləşdirdiyini, eyni soykökə, mədəniyyət, adət və ənənələri paylaşan xalqlarımızın müstəqillik illərində də əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Azərbaycan mədəniyyətini Özbəkistanda geniş təbliğ edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirən Dildora Abduazizova yaradılan guşənin daimi olaraq kitabxanada dostluğumuzu, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini nümayiş etdirəcəyini bildirib. O, guşənin Qarabağın Azərbaycan mədəniyyətinin incisi olaraq öyrənilməsi və təbliğ olunmasına dəstək olacağını vurğulayıb.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan və Azərbaycan arasında dostluğun daim yüksək səviyyədə olduğunu, dövlətlərimiz arasında bu münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidməti olduğunu

vurğulayıb. Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhvələrdən danışaraq onun 30 ildir Ermənistan tərəfindən işğalı, burada milli-mədəni irsimizin talan və məhv edilməsini əsl vandalizm adlandırıb. O, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən torpaqlarını azad etdiyini qeyd edərək, Qarabağın dirçəlişi, aparılacaq yenidənqurma işləri və keçiriləcək böyük mədəniyyət tədbirləri haqqında məlumat verib.

Samir Abbasov yaradılmış guşənin daimi olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mədəniyyətini, turizmini təbliğ edəcəyini, Qarabağın mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhəri haqqında danışaraq təkcə bir şəhərdə 248-dən artıq tarixi abidənin mövcud olduğunu söyləyib.

O, Şuşanın əhəmiyyətini Azərbaycan prezidenti İlham Əliyevdən sitat gətirərək söyləyib: “Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir“.

Diplomat “Qafqazın konservatoriyası” adlanan Şuşanın Azərbaycan musiqisinin, muğamın, aşıq sənətinin inkişafı və məşhurlaşmasından əhəmiyyətini qeyd etmiş,  Qafqazda ilk teatr, tamaşaları, Avropa və Şərq konsertləri, nəşriyyat, kitabxana, real məktəb və seminariyaların Şuşada yaradıldığını qeyd edib.

Özbəkistan Mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev tarixi dostluq, iki ölkə arasında yüksək səviyyəli əlaqələr və dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərdə yeni imkanlar açdığını qeyd edib. O, Azərbaycan mədəniyyətinə Özbəkistanda daim böyük maraq olduğunu vurğulayaraq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mərkəzləri, guşələrinin yaradıldığını və bu ocaqların ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib. M. Yuldaşev Azərbaycan tarixinin, olduqca qədim olduğunu, qardaş ölkənin zəngin mədəniyyətə, ədəbi ənənələrə malik olduğunu vurğulayaraq, yaradılan guşənin əhəmiyyətindən danışmış, Azərbaycan Mədəniyyət Mərkəzinin “Turon” kitabxanasına dayımı olaraq Azərbaycana dair nəşrlərin hədiyyə edilməsini yüksək qiymətləndirmişdir.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Majid iki ölkə arasında ədəbi əlaqələr, 2021-ci il Azərbaycanda “Nizamı Gəncəvi ili” ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələrdən danışıb. Qarabağın böyük ədəbiyyat və sənət xadimlərinin vətəni olduğunu, Molla Pənah Vaqif, Xurşud banu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi sənət dahilərinin yetirdirdiyini qeyd edib.

Daha sonra mərasimdə 2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə hazırlanmış “Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün Oxu” musiqi layihəsinin nümayiş etdirilib. Musiqi klipində 30 dan çox gənc özbək musiqiçi Qarabağa dair musiqilər ifa ediblər.

Özbəkistan Mədəniyyət və Sənət Universitetinin tələbələri Qarabağ şikəstəsinin sədaları altında Azərbaycan Mədəniyyət Mərkəzinin milli libaslar kolleksiyası, Qarabağ, tarixi geyimlərini nümayiş etdiriblər.

Tədbirdə bədii proqramda Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” ansamblı milli rəqslərimizi ifa ediblər. “Arşin Mal Alan” operettasından parçalar təqdim olunub.

Mərasimdə S.Abbasov “Azərbaycan xalçaları Qarabağ qrupu” kitabını “Turon” kitabxanasına hədiyyə edib.

 

 

Diasporpress.az