Orduxan Qəhrəmanzadə “Beynəlxalq və regional sərhəd təhlükəsizliyi və terrorizmin qarşısının alınması” mövzusunda yüksəksəviyyəli konfransda çıxış etmişdir
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Tacikistanın Düşənbə şəhərində keçirilən yüksəksəviyyəli konfransda hazırkı sədri Orduxan Qəhrəmanzadə tərəfindən təmsil olunmuşdur.
Konfrans 18-19 oktyabr tarixlərində Tacikistan hökuməti, Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi, BMT-nin Mərkəzi Asiyada preventiv diplomatiya üzrə Regional Mərkəzi, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Səudiyyə Ərəbistanı və Qətər hökumətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq və regional sərhəd təhlükəsizliyi və terrorizmin qarşısının alınması” mövzusunda baş tutmuşdur. Konfransın əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Terrorla Mübarizə Strategiyasının yeddinci qətnaməsində qeyd olunan bir sıra aktual sərhəd təhlükəsizliyinin idarə edilməsi məsələləri üzrə əməkdaşlığı təşviq etmək olmuşdur. Bu yüksək səviyyəli tədbirdə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edərək, terrorizm və ekstremizmə qarşı mübarizədə bütün cəmiyyət üçün həll yollarının tapılmasında gənclərin rolunu xüsusilə diqqətə çatdırmışdır. Bu baxımdan o, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının gənclər arasında kütləvi maarifləndirmə siyasəti həyata keçirərək, dünyada təhlükəsizlik, sülh və rifahı əsas tutan bir mədəniyyətlərarası dialoq platforması olduğunu vurğulamışdır.