Orduxan Qəhrəmanzadə ATƏT-də Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı çağırış edib

Orduxan Qəhrəmanzadə ATƏT-də Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı çağırış edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində Ermənistanın işğalı zamanı dağıdılmış bir sıra dini ocaqların və məscidlərin bərpası üzərində işləyir. Azərbaycan ən yüksək səviyyədə bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələr mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizə olunacaq. 

Ermənistanda siyasi motivli anti-Azərbaycan, anti-müsəlman ksenofobiyanın və irqçiliyin təbliği ilə bağlı ciddi narahatlığımı bir daha bildirmək istərdim. Ermənistan hakimiyyəti uzunmüddətli sülh və birgəyaşayış perspektivlərinə xələl gətirən dövlətin təbliğ etdiyi nifrət siyasətinə son qoymalıdır. Bizim üçün münaqişə heç vaxt dini xarakter daşımayıb.”

Bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Orduxan Qəhrəmanzadə ATƏT-in “Varşava İnsan Ölçüsü” Konfransının 4-cü günündə vətəndaş cəmiyyəti nümayəndəsi kimi irqçilik, ksenofobiya, ayrı-seçkilik və dözümsüzlük, o cümlədən din və ya əqidəyə əsaslanan problemlərlə bağlı plenar iclasda çıxışı zamanı deyib.

Orduxan Qəhrəmanzadə irqçilik, ksenofobiya və intolerantlığın artmasından irəli gələn təhlükələr, tədris, təhsil, mədəniyyət və informasiya sahələrində təcili və effektiv tədbirlərin görülməsindən söz açıb, Azərbaycanda dini tolerantlıq mövzusunda keçirilən bu konfransın müxtəlif sessiyaları zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı səsləndirilən uydurma ittihamlara da toxunmuşdur.

Onun sözlərinə görə, sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan müxtəlif millət və din nümayəndələrinin birgə dinc şəkildə yaşadıqları məkan olmuşdur. Məscidləri, sinaqoqları və kilsələri, o cümlədən paytaxtımızın mərkəzində yerləşən Erməni kilsəsini qoruyub saxlamağımız da tolerantlığımızın bariz nümunəsidir.

Çıxışı zamanı O. Qəhrəmanzadə ATƏT-ə üzv dövlətlərin də qoşulduğu İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyanın 7-ci maddəsinə uyğun olaraq ATƏT-ə üzv dövlətləri irqçilik və ksenofobiya ilə mübarizədə təcili və effektiv tədbirlər görməyə çağırmışdır. O həm də vurğulamışdır ki, bütün dünyada irqi ayrı-seçkilik ilə mübarizə üçün atılan mühüm addımlardan biri inklüziv təhsilin inkişafıdır və inklüziv təhsil olmadan bu gün müzakirə olunan problemlərin kök səbəbini aradan qaldırmaq mümkün deyil.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə təsadüf edən Konfransda səsləndirilmiş fikirlər beynəlxalq arenada tolerantlıq və multikulturalizmin mərkəzi olan ölkəmizin haqlı mövqeyini ifadə edir.