Müsahibə

“Onlara kömək etmək onları o həyatdan qurtarmaq…” – MÜSAHİBƏ

“Onlara kömək etmək onları o həyatdan qurtarmaq…” – MÜSAHİBƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızın fəaliyyəti bizi sevindirir. Xaricdə yaşayan həmyerlilərimizin hər biri uğuru bizim ümumi uğurumuzdur. Bu günkü müsahibimiz TMB TV – nin ( Türk Millətlər Birliyi televiziyasının) xarici xəbərlər departementinin koordinatoru Kəbutər Haqverdiyavadır.

– Lütfən özünüzü oxucularımıza təqdim edəsiniz!

– Mən Kəbutər Haqverdiyeva – “Yeni Azərbaycan”qəzetinin köşə yazarı və Ədəbiyyat bölümündə redaktor olaraq çalışmışam. 2011-ci ildə İstanbula köçmüşəm. Əvvəlcə “Türksolu” qəzetində və müxtəlif siyasi partiyalarda, yayım evlərində fəaliyyət göstərdim. İctimai işlərlə məşğul oldum. Hazırda TMB tv kanalının xarici xəbərlər departamentindəyəm və eyni zamanda “tmbxəbər” saytının baş redaktoruyam. İki romanım və Xocalıdan bəhs edən bir kitabım Türkiyə türkcəsində çap olunub.

– Bilirik ki, siz Türkiyədə yaşayıb fəaliyyət göstərirsiniz. Bakıya səfərinizin özəl səbəbi var?

– Bakıya səfər evimizə gəlişimiz deməkdir. Odur ki, bu səfərlər həm şəxsi həm ictimai məqsədlidir. Belə ki, bir neçə toplantımız var. Ən əsas toplantımız “İnsan ticarəti və qadın” mövzusudur. İctimai fəal və QHT rəhbəri kimi qadın problemləri bizim prioritet mövzumuzdur. Beynəlxalq təşkilatların iştirakı ilə İstanbulda keçirəcəyimiz tədbirlə bağlı görüşmələr və müzakirələr üçün Bakıdayam. Düşünürəm ki, İstanbulda gerçəkləşdiriləcək tədbir bizim xaricdə yaşayan və müxtəlif probləmlərlə qarşılaşan, bu problemlərin pəncəsində çarpışan qadınlarımıza çox kömək olacaq. Azərbaycan mediasından istəyim isə bizə yetərincə dəstək verməsidir.

 

– Ölkədən kənarda yaşayan Azərbaycanlı qadınlar əsasən hansı problemlərlə qarşılaşırlar?

– Əslində xaricdə yaşayan qadınların ölkə dəyişmə səbəbi təhsil və karyera deyilsə mütləq ortaya çeşidli problemlər çıxır. Ən böyük problemləri isə rəsmi nikahla evlənib xaricə daşınan qadınlarımız yaşayır. Təəssüf ki, Azərbaycanın heç bir rəsmi təşkilatı və dövlət orqanı bu məsələni gündəmə gətirmir. Əminəm ki,heç bir rəsmi və qeyri – rəsmi qurumlarda bu qadınlarımızın elektron məlumat bazası yoxdur. Bizim məqsədimiz Ombudsman İnstutunu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, digər əlaqədar orqanların diqqətini bu məsələyə yönəltməkdir. Hələki, yolun başlanğıcındayıq.

– Azərbaycanın hansı qurumları bu işdə sizə dəstək olur?

– İndiyə qədər yəni son 2 ildə fəaliyyətimiz zamanı, Azərbaycan Daxili İşlər Nazirliyinin tabeliyində olan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə çalışmışıq. Bu idarənin bizə xeyli köməyi dəyib. Əsla unutmuram ki, yaşadığım ölkədə girov kimi yaşamağa məcbur edilən, ailəsi tərəfindən pulla satılan, övladı Türkiyə vətəndaşı olduğu üçün əlindən alınan, dilənməyə məcbur edilən qadınlar, Azərbaycan vətəndaşlarıdır. Onlara kömək etmək onları o həyatdan qurtarmaq Azərbaycan dövlət orqanlarının da vəzifə borcudur. Odur ki, BMT-nin insan Alverinə qarşı komissiyası və ətraf ölkələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulan İstanbul toplantısında bütün bu məsələrlə bağlı hesabat təqdim olunacaq.

Xüsusi diqqət üçün isə Ədalət qəzetinin və saytınızın rəhbərliyi və kollektivinə minnətdarlığımı bildirirəm.

 

Söhbətləşdi : Bünyamin Bünyadzadə