Ölkə

Ombudsman Ermənistanın terror aktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Ombudsman Ermənistanın terror aktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan tələfatı ilə nəticələnən, Ermənistanın törətdiyi növbəti terror aktı ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyeva müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.

Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin davam etdirildiyi bir zamanda Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir”.

Bəyanatda o da qeyd olunub ki, qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş növbəti terror aktı ilə Ermənistan üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, regionda sülhə və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirib.

“İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik”,- deyə bəyanatda vurğulanıb.