Omba əməliyyatı keçirən Xatun: Oturub-durmağımda heç bir problemim yoxdur – FOTO

Əməliyyatlara normal baxıram. Əməliyyatların nə dərəcədə uğurlu alınması, gözəl bədən quruluşuna sahib olmağına baxmayaraq, fəsadları da çox olur.

Omba əməliyyatı keçirən Xatun: Oturub-durmağımda heç bir problemim yoxdur – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyatlara normal baxıram. Əməliyyatların nə dərəcədə uğurlu alınması, gözəl bədən quruluşuna sahib olmağına baxmayaraq, fəsadları da çox olur.

Bunu müğənni Xatun Əliyeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi keçirdiyi omba əməliyyatından danışıb, gizlinləri ortalığa çıxarıb:

“Bu əməliyyat “kontur plastika” adlandırılır, yəni “bədən şəkilləndirməsi”. Saatlarla idman zalında gedib, tər töksəm də, bir nəticə əldə edə bilmədim. Heç buna zamanım da yoxdur. Masajlara da gedə bilmədim.

Birdəfəlik nöqtə qoymaq üçün cərrah masasına uzanıb, məni kompleksə salan problemlərdən qurtuldum. Üstəlik, əməliyyat pulsuz olanda qaça-qaça getdim (gülür). Pulsuz olan şeyə kim razılıq verməz ki? Hər gün gedərlər…”

Cərrah bıçağı altına uzanıb, plastik əməliyyat etdirməyə nə ehtiyac var idi? sualına xanım müğənni bu cür reaksiya verdi:

“İnsan hərdən özünü güzgüdə görməkdən belə bezir. Dəyişməyi sevən insanlar dəyişmək üçün plastik və estetik əməliyyatlara baş vururlar. Bu da, məncə, bizim göz önündə olmağımızdan, qocalmaq qorxumuzdan, hər zaman gümrah, gözəl qalmağımızdan irəli gəlir. Sonuncu əməliyyatdan sonra məndə “panik atak” yaranıb. Bir-iki il zaman keçməlidir ki, yenidən plastik və estetik əməliyyat etdirim”.

Müğənni Roza Zərgərlinin bir müddət öncə Oxu.Az-a müsahibəsində “Müğənnilər plastik əməliyyat etdirirlər ki, mənə bənzəsinlər” sözünə Xatun “Roza xanım o sözləri mənə ünvanlaya bilməz” deyib, fikirlərini bu cür izah etdi:

“Biz Roza xanımla sənətə gəlməmişdən arxivimizə nəzər yetirsəniz, görərsiniz ki, bizdə ciddi problemlər heç zaman olmayıb (gülür). Sadəcə, müəyyən “liposaksiya” (piy sovurma) əməliyyatları olanda bel incələşir, omba (arxa əzələ) daha gözə girir və cazibədar görünür.

Bizim şou-biznesdə o qədər bu əməliyyatdan etdirən müğənnilər var ki, çoxunda uğursuz alınıb. Roza xanım elə onları nəzərdə tutub, bu açıqlamanı verib. Roza xanım çox ekzotik bir xanımdır. Anadan olandan və səhnəyə gələndən gözəldir. Vay o günə ki, eybəcər və çirkin olasan. O qədər belələri var ki…”

“Söyləyirlər ki, omba əməliyyatından sonra oturub-durmaqda problemlər yaranır” şərhinə Xatun istehzalı gülüşü ilə “Baxır necə otururlar da… Məndə heç bir problem yaranmayıb” cavabını verdi.

Maqazin verilişlərin birində Xatunun müğənni Natavan Həbibini “anakonda” adlandırması ikilini düşmənə çevirdi. Bir həftə öncə Xatunun “Instagram” hesabında qarşı tərəfin fotosunu paylaşması isə ikilinin barışması kimi qələmə verildi. Xatun redaksiyamızın əməkdaşı ilə söhbətində məsələnin astarını gün üzünə çıxardı:

“Bu, sadəcə, verilişin “formatı”ndan irəli gələn məsələ idi. Natəvan Həbibi ilə barışığa gələndə isə, mən onunla düşmən deyiləm, barışıq da ola bilər. Sadəcə deyildi ki, Natəvanın fotosunu sosial şəbəkə hesabında paylaş, mən də sözündən çıxmayıb paylaşdım.

Mən kinli insan deyiləm. Həmişə də Allaha dua edirəm ki günüm xoş keçsin. Çünki gün xoş keçəndə, kinli olmursan. O insanlar ki uğursuz olur, onlar kin saxlayırlar, hamıya pis şeylər arzu edirlər. Bir sözlə, neqativ ötürürlər. Amma elə insanlar var ki, onlarla küsülü qalmaq daha yaxşıdır. Qəlbimdə kin-küdurət yoxdur”.

Müsahibəsini Xatun Əliyeva konsert müjdəsi ilə yekunlaşdırdı:

“Sənə qədər” adlı bəstəyə ekran həyatı vermişəm. Həmin klipin artıq tizeri yayımlanıb. Düşünürəm ki, tamaşaçılar bu işimi də bəyənəcəklər. Mart ayında isə konsertim olacaq. Rayonlara turneyə çıxmağı düşünürəm.

Rayonlardan başlayıb, son dayanacağımız Bakı olacaq. Bizim Xalq artistimiz Zülfiyyə Xanbabayeva yol açır, biz də o yolu gedirik. Zülfiyyə Xanbabayeva o qədər sadə bir xanımdır ki, ona sosial şəbəkədə şərh yazanda, özü cavab verir”.