Ölkə

Ölkəmiz ABŞ-dakı beynəlxalq yemək festivalında təmsil olunub

Ölkəmiz ABŞ-dakı beynəlxalq yemək festivalında təmsil olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Karolina ştatının Roli şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ölkəmiz ABŞ-da keçirilən beynəlxalq yemək festivalında təmsil olunub.

Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkə iştirak edib. Onların arasında Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digərləri olub.

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində kitablar, suvenirlər nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim olunub. Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal və digər gənclərimiz yerli sakinlərə və qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat veriblər.

Azərbaycan guşəsi ilə tanışlıqdan məmnun qaldıqlarını söyləyən ziyarətçilər Azərbaycan mətbəxinə xüsusi maraq göstəriblər.

Festival çərçivəsində 26 ölkənin milli rəqsi nümayiş etdirilib. Adika İqbalın rəhbərliyi ilə yaradılan “Qarabağ” rəqs qrupunun ifa etdiyi Azərbaycan rəqsini seyrçilər böyük rəğbətlə qarşılayıb.