Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə görkəmli ədibimiz, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş videogörüş keçirilib.
“Abdull Şaiq – 140″ adlı görüşdə məktəbin “Azərbaycan dili” müəllimi Arzu Rzayeva və şagirdləri, “Güllünün şeirləri” ilə uşaqların qəlbinə yol tapan, istedadlı yazıçı Zaur Ustac və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsinin müdiri Əsli İbrahimova iştirak ediblər.
Tədbir yazıçının həyat və yaradıcılığından bəhs edən və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxana tərəfindən hazırlanmış videoçarxın təqdim olunması ilə başlayıb.
Z.Ustac və Ə.İbrahimova A.Şaiqin uşaqlar üçün bir-birindən fərqli, maraqlı və tərbiyəvi mövzularda povest, hekayə və şeirlər yazdığını, Ana dilini öyrənmək üçün, şairin yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu, bu irsin müasir gənclərimizə olduğu kimi çatdırılmasının vacibliyini nəzərə çatdırıblar.
Ə.İbrahimova yazışının ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri ilə uşaqları tanış edib, Z.Ustac şairin əsərlərindən parçaları səsləndirib.
Tədbirin gedişində mahnı, şeir səsləndirən şagirdlər qonaqlara maraqlı suallar veriblər. Sonda həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri Aida Ramberg, Ənvər Ramberg, Həmid Əli, Elsay Şekari, Fərid Muradov, Altay Bagheri, Sabina Ramberg, Şanay Şekari, Sabina Luisa Hidayati, Selina Alvand Vahed, eləcə də Azərbaycanda təhsil alan şagirdlər Aylan Süleymanlı və Tuncay Şəhriliyə “Abdulla Şaiq – 140” yubiley diplomları təqdim edilib.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az