Diaspor

Niderland parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans — Toplantıya İrəvan xanının varisi də qatıldı (FOTOLAR)

Niderland parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans — Toplantıya İrəvan xanının varisi də qatıldı (FOTOLAR)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haaqada Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benelüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri“ adlı beynlxalq konfrans keçirilib.

İnterpress.az xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqiləik sükutla yad ediblər.

Azərbaycan və Niderlandın Dövlət Himnləri səsləndirilib.

Sonra Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən  “Zəngəzur” sənədli filmi nümayiş olunub.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxış edərək, mərkəz haqqında məlumat verib.

O, yüz il əvvəl qədimi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılmasının və bununla bağlı hüquqi prosedurlara başlamağın vaxtı çatdığını bildirib.

İlham İsmayılov İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər ətraf ərazilərdən olan soydaşlarımızın doğma yurdlarına qaytmasının vacibliyini vurğulayıb.

ATXƏM sədri doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

BAK-ın sədri Elsevər Məmmədov “Zəngəzur” sənədli filminin Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın ağır və əziyyətli həyatını bir daha xatırlatdığını dedi.

Qeyd etdi ki, Azərbaycan 30 il separatizmə qarşı mübarizə apardı, dünya onun haqq səsini eşitmədi. Ancaq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı azad etdi.

Azərbaycan xalqı “Dəmir Yumruq” ətrafında birləşərək, BMT qətnamələrini həyata keçirdi. Növbəti məqsəd Qərbi Azərbaycanlıların arzularının reallaşması, onların qədim əcdadlarının yurduna qayıdışıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşadığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da ata-baba yurduna dönüb, doğma evlərində yaşamalıdırlar.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycan icması və onun Qayıdış Konsepsiyası tarixindn danışıb.

Ermənistandan azərbaycanlıların mərhələlərlə qovulmasından danışan Ə. Ələkbərli soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş fərdi və kollektiv cinayətlərdən bəhs edib.

Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyindən, icmanın inzibati binasını ziyarət etməsindən, Qərbi Azərbaycan icmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsindən danışıb.

Azərbaycan Prezidenti dəstəyinin icma üzvlərini bir daha ilhamlandrdığını bildirib.

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Məmmədov isə Qərbi Azərbaycan icmasının qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlılara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətinin nəticəsində Ermənistan ermənilərdən ibarət mono etnik dövlətə çevrildiyini deyib.

İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani bu mövzu ilə bağlı Qərbi Azərbaycanın tarixi-mədəni zəmini və onun azərbaycanlı kimliyinə təsiri, ata-baba tarixini bilməyin vacibliyi və müasir dünyada birliyin və vahid siyasətin əhəmiyyəti kimi üç aspektdən təhlili fikirini bölüşüb.

Qeyd edib ki, hətta erməni mənbələrinə əsaslanan İrəvan hökmdarlarının siyahısında onların hamısının Azərbaycan əsilli olduğunu görürük.

İrəvan xanlığı bölgənin tarixinin, siyasətinin və demoqrafik quruluşunun formalaşmasında həlledici rol oynamışdır.

Əcdadlarının tarixini və mədəni irsini paylaşmaq, təşviq etmək bir millətin nümayəndələri arasında birliyi gücləndirir. Bu, onların ümumi keçmişi paylaşdıqlarını və ortaq gələcək üçün birlikdə işləyə biləcəklərini xatırladır.

Vurğulayıb ki, dil əcdad tarixinin həlledici amilidir. Ana dilinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlər milli birliyi təmin edir. Dədə -baba tarixinə müraciət və bu sahədə maarifləndirmə yalnız keçmişi qoruyub saxlamağa deyil, eləcə də mədəni kimliyin qorunması, təhriflə mübarizə və gələcək nəsillərin öz irsi ilə güclü əlaqəyə malik olmasını təmin edir.

1988-ci ildə İrəvandan zorla qovulmuş, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə Qərbi Azərbaycandan didərgin salınmış soydaşları adından danışaraq, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların indiki Ermənistanda olan tarixi, dini və mədəniyyət abidələrimizin dağıdılmasından, toponimlərimizin erməniləşdirilmsindən söz açıb.

Bildirib ki, ermənilər İrəvanda azərbaycanlı izini silməyə çalışsalar da, buna nail ola bilməzlər, çünki tarixi sənədlər saxlanılır.

O, ailəsinə məxsus mülkün sənədlərini hələ də saxladığını, İrəvanda aparılan qazıntılar zamanı azərbaycanlılara məxsus abidələrin aşkarlandığını  bildirib.

BAK-ın mətbuat katibi Gülnarə Əliyeva soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, hüquqlarının pozulması ilə bağlı  beynəlxalq ictimaiyyəti məlumatlandırmağın vacibliyinə toxunaraq, bu istiqamətdə görüləcək “yol xəritəsi “ planınından danışıb.

Qərbi Azərbaycandan didərgin salınmış insanların iştirakı ilə müxtəlif dillərdə vidoeçarxların, kitabların hazırlanaraq yayılmasının vacibliyini qeyd edib. Bildirib ki, Avropada yaşayan Qərbi Azərbaycan icmasının üzvlərinin yerli ictimaiyyətlə görüşləri təşkil edilməlidir.

BAK-ın vitse-prezidenti Sima Cəfərova, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək, Qayıdış Konsepsiyası ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda Qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtması üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri təqdim edilib.

Çıxış edənlər dədə-baba yurduna geri dönmək, əzizlərini məzarlarının ziyarət etmək istəklərini ifadə ediblər.

Tədbirdə Niderlanddakı holland, Azərbaycan və türk icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.