Dünən Niderland Krallığında fəaliyyət göstərən diaspora təşkilatları – Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Benelüks Azərbaycanlıları Konqresi və Hollanda Türk Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan “Laçının işğalı: Böyuk itkinin qiyməti və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora fəaliyyətinin rolu” mövzusunda keçirilən videokonfransı Laçın şəhərinin erməni işğalçıları tərəfindən ələ keçirilməsinin 28-ci ilinə həsr edilmişdi.
Video-konfransa Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə yanaşı, Niderlandda fəaliyyət göstərən Hollanda Azərbaycan-Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin (BAK) nümayəndələri Sima Cəfərova və Zərifə Süleymanova, Niderland Krallığında təhsil alıb çalışan tələbə gənclər, eləcə də AR Diasporla İş Üzrə Dövlət Komitəsinin Avropa, Amerika və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova və komitənin əməkdaşı Aytən Tanrıverdiyeva, AR Əsir və İtkin Düşmüş, Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyasının rəhbər müavini Eldar Səmədov, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, Azərbaycandan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İçtimai Birliyinin sədri, müharibə qazisi Radə Abbas, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova və laçın sakini, həkim Orxan Cəbrayılov qatılmışdılar.
Video-konfrans şəhidlərimizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükutla açıldı.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva konfrans iştirakçılarına Laçının işğalından, eləcə də Qarabağ müharibəsinin vurduğu maddi-mənəvi zərbələrdən, xalqımızın keçən bu illər ərzində uğradığı amansız erməni vəhşiliyindən və erməni faşizmi ilə aparılan mübarizədən, bu mübarizədə xaricdə yaşayan soydaşlarımızın rolundan danışdı.
Sonra AR Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa, Amerika və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova videokonfransa qatılanları salamlayaraq Laçının işğal olunmasının tariximizin dəhşətli və qanlı bir səhifəsi olduğunu bildirdi. Xaricdə yaşayan soydaşlarımızın da tariximizin bu kimi acı günlərini qeyd etməsi, xatırlamasının düzgün addım olduğunu qeyd edərək, gələcəkdə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar ən düzgün informasiyaların lazımi dünya təşkilatlarının diqqətinə çatdırılmasında diasporanın vacib rolundan, Diaspora Komitəsinin bu istiqamətdə hər zaman onların arxasında olduğundan danışdı.
AR Əsir və İtkin Düşmüş, Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Eldar Səmədov da Laçının əslində Dağlıq Qarabağ Vilayətinin tərkib hissəsinin olmadığını, Şuşanın işğalından sonra Ermənistan hərbi qüvvələrinin fürsətdən istifadə edilərək “de-fakto” olaraq Ermənistana birləşdirildiyini, Laçın dəhlizinin düşmən üçün böyük strateji əhəmiyyətə malik olduğunu qeyd etdi: “Təəssüf ki, Laçının işğalı bizə 1şəhər və qəsəbə, 120 kənd, 264 şəhid, 64 girov, 103 əlil, 64 min əhalinin məcburi olaraq köçkün vəziyyətinə düşməsi kimi ağır itkilərlə nəticələndi. O zamankı hakimiyyətin səriştəsizliyi və digər amillər bizi məğlub vəziyyətinə saldı və xalqımız artıq 28 ildir ki, bu ağrı-acıyla yaşayır. Ancaq ümidsizləşmək bizə yaraşmır və doğma torpaqlarımızın geri qaytarılması üçün dövlətimizin apardığı siyasətin arxasındayıq, hər cür mübarizəyə hazırıq”.
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov da mövzu ilə bağlı geniş çıxış edərək əsas diqqəti Laçının tarixi və mədəni abidələrinə yönəltdi: “Təəssüf ki, Laçının işğal olunması ən tarixi-mədəni və milli irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə başa çatdı. Laçında talan edilmiş 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəmizin vandalizmə uğraması bizi çox narahat edir və hazırda bu erməni vəhşiliyini dünyaya çatdırmaq üçün yaratdığımız təşkilatımız lazımlı işlər görür. Məhv edilmiş tarixi abidələrimizi tanıdan video-çarxlar, slaydlar hazırlanması, bu abidələrimizə vurulan zərərlərin hesablanması kimi fəaliyyətlərimizi işıqlandırmaq üçün Monument.az saytının üzərində işlər tamamlanmaq üzrədir və tezliklə istifadəyə veriləcək. Nə qədər ki, bu hadisələrin şahidləri, laçınlı ziyalılarımız həyatdadır bu işlər görülməlidir. Bu istiqamətdə informasiyaların diaspora təşkilatlarına çatdırılmasına hər zaman hazırıq”.
Videokonfrans iştirakçısı Orxan Cəbrayılov da Taxtakörpü qəsəbəsində Təcili Yardım Stansiyasının baş həkimi olmasına baxmayaraq, bir laçınlı olaraq, Laçının işğalı dövrünün canlı şahidi kimi bu savaşın həqiqətlərinin, Laçının tarixinin, mübarizə yolunun gələcək nəsillərə düzgün çatdırılması üçün apardığı araşdırmalarının, laçınlıları bir araya toplamaq üçün yaratdığı sosial media qrupunu yaratmasının onun vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək bu zülmə son qoyulmasının vaxtının çoxdan çatdığını bildirərək, bu savaşı qazanmaq, şərəfimizi təmizləmək, torpaqlarımızı mənfur erməni tapdağından qurtarmaq üçün hər vasitəyə əl atmağın, lazım gələrsə hərbə də qatılmağın vacib olduğunu vurğuladı.
“Beynəlxalq Dialoq və İnkişaf Alyansı”nın sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova da Laçının işğalı ilə bağlı tarixi faktları açıqladı və rəhbərlik etdiyi qurumun Avropanın tanınmış siyasi şəhərlərində girov və əsir düşən azərbaycanlıların taleyinə həsr olunmuş çoxlu sayda tədbirlər keçirdiyini bildirdi. Eyni zamanda beynəlxalq təşkilatlara təqdim etmək üçün bəyanat və müraciətlərin ingiliscə tərcüməsinin və bu işdə diaspor təşkilatlarına yardımçı olmağa hər zaman hazır olduqlarını diqqətə çatdırdı.
BAK-ın vitse-prezidenti Sima Cəfərova da çıxış edənlərin fikirləri ilə həmrəyliyini bildirdi və Azərbaycanın dilbər guşəsi olan Qarabağın azad edilməsi üçün uşaqlı-böyüklü hamının səfərbər olmağa hazır olduğunu vurğuladı.
Qarabağ müharibəsi iştirakçısı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas da bu video-konfransın təşkilatçılarına təşəkkür edərək bildirdi ki, nə yaxşı ki, vətəndən uzaqda yaşamağınıza baxmayaraq, bu ağrılı günlərimizi birlikdə yad edirsiniz. Qarabağ müharibəsinin iştirakçısı olmuş R.Abbas Şuşanın, Laçının və digər şəhərlərimizin azad edilməsi üçün savaş başlarsa, yenə də fikirləşmədən vətən uğrunda mübarizəyə atılacağını bildirdi. Bu ümumi mübarizə yolunda diaspora fəallarına hər cür informasiya dəstəyi üçün hazır olduğunu qeyd etdi.
Konfransda çıxış edən tələbə-gənclər də üzərlərinə düşən məsuliyyəti hiss etdiklərini və Qarabağ həqiqətlərinin oldiğu kimi xaricilərə çatdırılması üçün əllərindən gələni etdiklərini qeyd etdilər. Ermənilərə cavab vermək üçün informasiya savaşının gücləndirilməsinin və bu işdə gənclərin rolundan danışdılar.
Digər iştirakçılar da video-konfransda səsləndirilən fikirlərə həmrəy olduqlarını bildirdilər.