17 mart 2022-ci ildə ölkə başçısı cənab İlham Əliyevin Bolqarıstanda keçirilmiş Avropa çempionatında ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atmış gənc güləşçilərimizi qəbul etməsi və onlara öz tövsiyyələrini verməsi dövlətin yalnız idmana deyil, o cümlədən də milli dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı gəncliyimizə diqqətinin təzahürüdür. Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Milli dəyərlərimizi, qəhrəmanlıq səlnamələrimizi qoruyub saxlayarkən güləşimizi də göz bəbəyi kimi mühafizə etmişik. Bunun məntiqi nəticəsidir ki, güləş ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Biz milli idman növlərimizi qorumaqla öz şanlı keçmişimizi də yaşatmış oluruq. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirmişdir.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir:
“… 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi”.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında Ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir və bu gün bu siyasət Möhtərəm Prezident cənab İlham Heydər oğlu Əliyev tərəfindən yüksələn xəttlə inkişaf etdirilməkdədir.
“Qarabağ” karate klubunun direktoru
dünya çempionu İbrahim Heydərov