Oktyabrın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumata yayıb.
Bildirilib ki, Baş Qərargah rəisi qonağı salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Ordusunda döyüş hazırlığının yüksək olduğunu və şəxsi heyətin ruh yüksəkliyinin daha da artdığını qeyd edib.
General-leytenant K.Vəliyev Azərbaycan Ordusunun bölmələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində əldə etdiyi müsbət nəticələri və əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Kontr-admiral B.Turan NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə Azərbaycan Ordusunun hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.