Muxtar Babayev: “Bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakındakı payı 30%–ə çatdırılacaq”

Azərbaycan iqtisadiyyatı daha çox enerji resurslarının hasilatı ilə bağlı olsa da, ölkəmizdə alternativ və bərpa olunan enerjinin inkişafı da xüsusi diqqət mərkəzindədir.

Muxtar Babayev: “Bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakındakı payı 30%–ə çatdırılacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan iqtisadiyyatı daha çox enerji resurslarının hasilatı ilə bağlı olsa da, ölkəmizdə alternativ və bərpa olunan enerjinin inkişafı da xüsusi diqqət mərkəzindədir.

DiasporPress.az-ın məlumatına görə, bunu bu gün keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda hidroenerji də daxil olmaqla bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakındakı payı 18% təşkil edir: “Bu rəqəmin 2030-cu ilə kimi 30%-ə çatdırılacağı proqnozlaşdırılır. Biz bir neçə illər ərzində bu sahədə böyük layihələrin həyata keçirilməsinin şahidi olacağıq”.

Nazir bildirib ki, məlum olduğu kimi, meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir: “Bu baxımdan azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb. Yaşayış məntəqələrinin, xüsusilə iri şəhərlərin və magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması işləri aparılır. Əminəm ki, biz bundan sonra da Paris Razılaşmasında əksini tapmış hədəfimiz çərçivəsində tullantıların azaldılmasına töhfə verəcəyik”.

M. Babayev qeyd edib ki, Paris Razılaşması üzrə öhdəliklərin ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərmədən yerinə yetirilməsi üçün potensial imkanlar var: “Buna qabaqcıl texnologiya və yanaşmalar tətbiq etməklə nail olmaq olar. Hesab edirik ki, bunun üçün Paris Razılaşmasının müddəalarına da uyğun olaraq, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələr üçün enerji və resurslara qənaət edən yaşıl texnologiyalara çıxış asanlaşdırılmalıdır. Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu, bizim ümumi vəzifəmizdir və ətraf mühitin qorunması üçün atılmış hər bir addım bizim ümumi uğurumuz olacaq”.

 

DiasporPress.az