Dünyanın əksər ölkələri kimi Ukrayna da hazırda koronavirus pandemiyası ilə mübarizə aparır. Bu günə qədər ölkədə koronavirusa 9866 yoluxma halı qeydə alınıb. 250 nəfər virusdan ölüb, 1103 nəfər sağalıb. Lakin vəziyyət daim dəyişir, koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Media.Az “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” sədrinin müavini Murad Cəfərovla söhbət edib.
– Ukrayna karantin rejimində ölkədə hansı məhdudiyyətləri tətbiq edib?
– Ukraynadakı karantin şərtləri Azərbaycanda olduğu kimi sərt deyil. Yaşı 60-dan aşağı olanlar rahat şəkildə şəhər ətrafında hərəkət edə bilərlər. Lakin iki nəfərdən çox adamın qrup halında toplaşması qadağandır. Ailələrə uşaqları ilə gəzməyə icazə verilir. Ancaq bütün təhlükəsizlik tədbirlərinə əməl etmək vacibdir, maskalar taxılmalı və əlcəklər geyinilməlidir. Karantin şərtlərinin pozulması 17 min qrivna (1070 AZN) məbləğində cərimə ilə cəzalandırılır. Bundan əlavə, ölkədə ticarət mərkəzləri, parklar, restoranlar və kafelər bağlanıb. Yalnız marketlər, tikinti materialları mağazaları və apteklər işləyir.
– Bəs ictimai nəqliyyat barədə nə demək olar?
– Metro, tramvay və trolleybuslar işləmir. Avtobuslar yalnız iş üçün xüsusi buraxılışı olan sərnişinləri daşıyır. Digər vətəndaşlar da çölə çıxa bilərlər, ancaq piyada gəzməli olacaqlar. Bu, insanların mümkün qədər evdə çox qalmasını təmin etmək üçün edilir. Hökumət nümayəndələri Ukraynada karantin rejiminin mayın 12-dək davam edəcəyini bildiriblər.
– Pandemiya zamanı Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə danışmağınızı rica edirik.
– Ukraynada karantin elan edildikdən dərhal sonra “Ukrayna Azərbaycanlıları Radası” (UAR) nəzdində əməliyyat qərargahı yaradılıb. Epidemiya ilə əlaqədar sərhədlərin bağlanmasına görə, ölkəni tərk edə bilməyən vətəndaşlarımıza burada yardım göstərilir. Yeri gəlmişkən, karantin zamanı UAR-ın əməliyyat qərargahına ukraynalı deputatlar Dmitri Nataluxa və Lyudmila Marçenko qonaq gəlib.
– Ukraynada Azərbaycana qayıda bilməyən nə qədər vətəndaşımız var?
– Bu gün təxminən 450 azərbaycanlı vətənə təxliyyə olunmasını gözləyir. Lvov və Xarkovda təxminən 80 vətəndaşımız var, digərləri Kiyevdədir. Onların psixoloji durumu gərgindir, çox həyəcan keçirirlər. Təsəvvür edin, onların Bakıda uşaqları, yaşlı valideynləri, ailələri qalıb.
– Diaspor onlara necə kömək edir?
– Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə biz onlara mənzil problemini həll etməkdən tutmuş, ərzaq və dərman almağa qədər mümkün olan hər cür köməyi göstərməyə çalışırıq. Bu günə qədər 300-ə yaxın vətəndaşa yardım edilib. Hər gün orta hesabla 50-60 vətəndaş kömək üçün müraciət edir.
– Ukraynada yaşayan neçə azərbaycanlı COVID-19-a yoluxub?
– Bu barədə çox söz-söhbətlər olsa da, ancaq bircə hal təsdiqini tapıb. Etik səbəblərə görə, xəstənin adını çəkmirik. Bu qohumlarının yanında qalmağa gələn və yoluxan yaşlı qadındır. Hazırda o, xəstəxanada müalicə olunur. Diasporumuz hər gün həmvətənimizin səhhəti ilə maraqlanır. Onun tez bir zamanda sağalmasını arzulayırıq.
– Ukraynada işsiz qalan azərbaycanlılar çoxdur?
– Ukraynadakı azərbaycanlılar əsasən, kiçik və orta bizneslə məşğuldurlar. Buna görə də əksəriyyəti işsiz qalıb. Bununla belə, biz heç nəyə baxmayaraq onlara dəstək göstərməyə çalışırıq.
DiasporPress.az