Monteneqroda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” adlı kitab nəşr edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Sərəncamı çərçivəsində ərsəyə gələn “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı Monteneqro dilində çap edilib. Kitabın həmmüəllifləri Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, tanınmış publisist Bojidar Proroçiçdir.
Kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib. Onların arasında Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hacı Zeynalabdin Tağıyev, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Heydər Əliyev, Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Həzi Aslanov, Niyazi, Kərim Kərimov, Mehdi Hüseynzadə, Qara Qarayev, Lütfi Zadə, Fikrət Əmirov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Müslüm Maqomayev və başqaları var.
Kitabda həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanından və II Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.
Eyni zamanda, mərkəzin təşəbbüsü ilə Monteneqronun tanınmış yazıçısı, akademik Zuvdiya Hodciçin “Burulğan” hekayələr kitabı Azərbaycan dilində nəşr olunub. “Qanun” nəşriyyatında çap edilən kitabı dilimizə mərkəzin direktoru Seyran Mirzəzadə tərcümə edib.
Diasporpress.az