Ölkə

Məsud Aşina: “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü olmaq mənim üçün böyük şərəfdir”

Məsud Aşina: “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü olmaq mənim üçün böyük şərəfdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmyerlimiz Məsud Aşinanın bütün reqaliyasını sadalamaq çox uzun çəkər. O, Danimarka Milli Xəstəxanasında və Kopenhagen Universitetində nevrologiya üzrə professor, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur. Bu yaxınlarda isə daha bir şad xəbər gəldi: Məsud Aşina Türkiyə Elmlər Akademiyasının – TÜBA-nın beynəlxalq mükafatının üç laureatından biri oldu.

“Report”a müsahibəsində Məsud Aşina elm yolundan, mükafatlara münasibətindən, Vətəni ilə əlaqələrinin ayrılmazlığından söz açıb.

– Sizi növbəti mükafat – Türkiyə Elmlər Akademiyasının (TÜBA) sağlamlıq və həyat sahəsində beynəlxalq mükafatı qazanmağınız münasibətilə təbrik edirik. Mükafatların sizin üçün nə əhəmiyyəti var? Nəzərə alaq ki, sizdə onlardan çox sayda var…

– Təbii ki, hər hansı bir mükafat adətən yaşla gələn əməyin qiymətləndirilməsidir, çünki elmdə özünü təsdiq etmək prosesi vaxt tələb edir. Biz araşdırmalar aparırıq, məqalələr dərc edirik, ixtiralar edirik. Aspirantlarıma da zarafatla deyirəm ki, mənim yaşımda artıq mükafatlar almağa başlayırsınız. Bu, çox xoşdur.

Amma vurğulamaq istəyirəm ki, bu, təkcə mənim işimə verilən qiymət deyil. Bu, bütün komandamın, mənimlə işləyən hər kəsin uğurudur. Onlar təcrübələr keçiriblər, araşdırmalar aparıblar, böyük həcmdə işlər görüblər. Bəli, şübhəsiz ki, mənim rəhbərliyim altında. Ancaq onlar sadəcə göstərişlərə kor-koranə əməl edən ifaçılar deyillər. Onlar sualları, improvizasiyaları, axtarışları ilə məni bir yerdə dayanmağa yox, irəli getməyə sövq edən yaradıcı insanlardır. Odur ki, bu, ümumi mükafatdır. Müxtəlif sahələrdə, o cümlədən tibb, nevrologiya sahəsində beynəlxalq tədqiqatçılara mükafat verən Türkiyə Elmlər Akademiyası tərəfindən belə yüksək qiymətləndirilmək mənim üçün böyük şərəfdir.

– Çox dəyər verdiyiniz komandanız haqqında nə deyə bilərsiniz?

– Bunlar mənim aspirantlarımdır, üçillik proqram üzrə işlədiyim 10-12 nəfərdir. Ümumilikdə, təxminən, 50 nəfərik. Onlar həm də post-doktorantlar, akademik yol seçmiş şəxslərdir. Onlar mənimlə aspirantlar arasında birləşdirici halqa kimidir. Kollektiv çoxmillətlidir – İtaliyadan, Yunanıstandan, Meksikadan olanlar var. Ağıllı və fərqli olduqları üçün onlarla işləmək çox maraqlıdır. Bu, məni də motivasiya edir. Onlar mənə enerji verirlər. Bunun sayəsində komandada daimi axtarış və hərəkət mühiti var. Elmə belə diqqət yetirən bu istedadlı gənclərlə işləmək mənim üçün çox maraqlıdır. Belə birliyin nəticəsində elə bir komanda yaranır ki, məsələn, mən təqaüdə çıxanda da mövcud olacaq və elmi problemləri həll edəcək. Elmi tədqiqatlarda davamlılığı, ardıcıllığı qorumaq çox vacibdir ki, işləyən elmi kollektivlər dağılmasın.

– Bəs bizim ölkədən kimsə varmı?

– Azərbaycandan bir neçə nəfər var, köməkçi işləyirlər. Amma burada əsasən azərbaycanlılar müxtəlif ixtisaslı həkimlərdir. Almaniyadakı qədər olmasalar da, mövcuddurlar və uğurla işləyirlər.

– Ankarada mükafatlandırma mərasimi nə vaxt olacaq?

– Dekabrın 28-nə planlaşdırılıb. Amma təəssüf ki, pandemiya, xüsusən də həkimlər ilə bağlı daha sərt məhdudiyyətlərə görə, təqdimata gedə bilməyəcəm. Artıq bu barədə Türkiyə tərəfinə məlumat vermişəm və bildirmişəm ki, fürsət düşən kimi nəinki gəlməkdən, həm də həmkarlarımın qarşısında çıxış etməkdən, təcrübəmi bölüşməkdən məmnun olaram. Onlar vəziyyəti anlayışla qarşılayıblar.

– Belə parlaq karyera quran, peşəkar və ictimai rəğbət qazanan bir insan kimi uğurunuzun əsasında nəyin dayandığını deyə bilərsinizmi? Bu, sadəcə qabiliyyətdir, yoxsa başqa bir amildir? Hesab edirəm ki, cavabınız elm sahəsində yola yeni başlayanlar üçün maraqlı olacaq.

– Qabiliyyətə apriori lazımdır. Amma ondan başqa iki amilin vacib olduğunu düşünürəm. Birincisi, əmək, nizam-intizamdır. İkinci amil isə diqqətli olmaqdır. İnsanlar üçün zəruri olan düzgün ictimai əhəmiyyətli məqsədi seçmək və ona nail olmaq peşəkar kimi təkmilləşməyinizə doğru aparır. Üçüncü amil də var – bəxt, şans. Əgər məqsəd, istiqamət, rəhbər düzgün seçilibsə, o zaman uğur qazanmaq şansı da artır. Şans barədə danışarkən bunu nəzərdə tuturam.

Mən həmişə akademik karyera, təkcə klinisist olacağım yox, həm də elmi araşdırmalarla məşğul olmaq, xəstəliyin mexanizmini başa düşmək və pasiyentin həyat keyfiyyətini yaxşılaşdıran kəşflər etməyin mümkün olduğu iş yerlərində işləmək arzusunda olmuşam. Hələ tibb institutunda oxuyan zaman nevrologiya, belə desək, məni özünə çəkdi. İnsan bədəninin ən öyrənilməmiş orqanı olan beynin öyrənilməsini çox sevirdim. Ona görə də Danimarkaya gələndə bilirdim ki, nevrologiya sahəsi ilə məşğul olacağam. Lakin planı həyata keçirmək çətin oldu, çünki birincisi, dili öyrənmək lazım idi, ikincisi, tibbin bu sahəsində çox güclü rəqabət var idi. Amma mən bunu bacardım. Danimarka gözəl ölkədir, burada özümü reallaşdırma üçün hər cür şərait yaratmışdılar. Buna görə ölkəyə çox minnətdaram.

– Otuz ilə yaxındır Vətəndən uzaqda olmağınıza baxmayaraqonunla əlaqəni kəsməyən ləyaqətli vətən oğullarından birisiniz. “YAŞAT” Fondunun işində iştirakınız isə buna sübutdurSizin üçün Azərbaycan sözünün arxasında nə dayanıryoxsa qloballaşma dövründə “tarixi vətən” kimi anlayışlar artıq köhnəlib?

– Xeyr, icazə verin razılaşmayım. Düşünmürəm ki, bu anlayışlar köhnəlib. Bəli, qlobal dünyada yaşayırıq, asanlıqla ABŞ-a və ya başqa bir ölkəyə işləmək üçün gedə bilərəm. Amma necə hərəkət etsək də, nə etsək də, köklər özünü hiss etdirir. İnanın ki, doğulduğunuz ölkə özünüreallaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Bu, bir növ əlavə motivasiyadır. Ümumiyyətlə, qlobal dünyada hər şey identifikasiya problemi üzərində dayanır. Özünü identifikasiya edən, bu xüsusiyyətini itirməyən insanlar başqa cəmiyyətdə olduqları zaman daha güclü olurlar. Başqa ölkədən gəldiyin üçün utanmamalısan, keçmişinlə fəxr etməlisən. Yer üzündə doğulduğun, əcdadlarının dəfn olunduğu, oxuduğun, dostluq etdiyin, ilk dəfə aşiq olduğun yerin önəmi var. Buna görə də tarixi vətənlə bağlılıq çox vacibdir. Hansı uğura nail olsan da, təcrübənizi, topladığınız bilikləri ilk növbədə vətəninizdəki soydaşlarınızla bölüşməlisiniz. Azərbaycanda çoxlu ağıllı, istedadlı gənclər var və onlara özlərini reallaşdırmağa kömək etmək lazımdır – konfranslarda, seminarlarda çıxış edərək, ünsiyyətdə olaraq. Axı mən təkcə həkim yox, həm də müəlliməm. Həmvətənlərimə həyatda öz yolunu tapmağa kömək etməklə boya-başa çatdığım, peşəyə yiyələnməkdə ilk addımları atdığım vətənə olan borcumu ödəmiş oluram.

Ona görə də “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü olmaq mənim üçün böyük şərəfdir. Bildiyiniz kimi, fondun fəaliyyəti ikinci Qarabağ müharibəsi zamanı yaralananlara, ixtisaslı psixoloji dəstəyə ehtiyacı olan şəhid ailələrinə yardımın göstərilməsi, Azərbaycanda mümkün olmadıqda ölkədən kənarda tibbi yardımın göstərilməsi məqsədi daşıyır. Bu səbəbdən bir həkim kimi bu insanlara kömək edilməsinə töhfəmi verə biləcəyimə görə sevindim.

Fondun maraqlı təşəbbüsləri və proqramları var. Məsələn, KİV-də “YAŞAT” Fondunun təşəbbüsü ilə dəvət olunmuş israilli oftalmoloqların uğurlu fəaliyyəti işıqlandırılıb. Bu ilin avqust ayında kiçik qardaşım, Harvard Universitetinin Nevrologiya kafedrasının dosenti Səid Aşina ilə birgə aldıqları qapalı və açıq kəllə-beyin travmaları nəticəsində şiddətli baş ağrılarından əziyyət çəkən Qarabağ müharibəsi əlilləri ilə məsləhətləşmələr apardıq. Müalicə planını tərtib etdik, bu xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün onlara təyinatlar verdik.

– Razısınızmı ki, Azərbaycan ordusunun Ermənistanın işğal etdiyi torpaqları azad etməsi təkcə regionda geosiyasi vəziyyəti yox, həm də hər bir azərbaycanlını dəyişdi? Gələcəyi necə görürsünüz?

– Vətən müharibəsindəki qələbə, şübhəsiz ki, Azərbaycan cəmiyyətində vəziyyəti dəyişdi. Təkcə Qarabağdan didərgin salınan, yurd-yuvasından məhrum olanlar yox, hamı vətəninin əhəmiyyətli hissəsinin itirilməsindən sonra depressiyaya düşmüşdü. Ona görə də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi çox sayda insanın öz kiçik vətəninə qayıtma ehtimalı deməkdir. Bu da hər bir Azərbaycan vətəndaşına təsir etməyə bilməzdi. Onlar qayıdacaqlar və birlikdə evlərini əvvəlkindən də daha gözəl edəcəklər.

Ümid edirəm və inanıram ki, bütün çətinliklərə baxmayaraq, gələcək bütün Cənubi Qafqaz regionuna sülh gətirəcək. Kommunikasiyaların bərpa edilməsi sayəsində təhlükəsizlik və firavanlıq, hər kəs üçün yaxşı həyat şəraitinin yaradılması minlərlə şəhidin canından keçdiyi 44 günlük müharibədə qələbənin növbəti nəticəsi olacaq.

Eleonora Abasquliyeva