Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlıları təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş, böyük qəhrəmanlığın, mətanətin, misilsiz şücaətin, Vətənə sonsuz məhəbbətin rəmzinə çevrilmiş, doğma torpaqlarımıza əbədi azadlıq və sülh gətirmiş, soydaşlarımızın qəlbindəki Vətən həsrətinə birdəfəlik son qoymuş möhtəşəm Zəfər Günü münasibətilə dünya azərbaycanlılarını və Türk dünyasını ürəkdən təbrik edirəm.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli komandanlığı altında rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində böyük hünər göstərərək, doğma torpaqlarımızı qarış-qarış mənfur düşmənin caynağından qurtararaq, dövlətimizin ərazi bütövlüyünü əbədi bərpa etdi, qəlbi 30 illik Vətən həsrəti ilə döyünən soydaşlarımızın intizarına son qoydu. Qəhrəman Azərbaycan əsgəri təkcə Vətənimiz üçün deyil, bütün region üçün təhlükə olan erməni faşizminin başını əzərək, sülhün və əmin-amanlığın, azadlıq və rifahın qarantına çevrildi.
Bu böyük Zəfər bizim qürurumuz, şanlı tariximizdir, Vətənimizin bir qarışına belə əyri gözlə baxmağa çalışan hər kəsin başına enəcək “Dəmir yumruğ”un təntənəsidir. Bu Zəfər Vətən torpağını qanı bahasına qoruyaraq şəhidlik zirvəsinə ucalmış övladlarımızın ölməzlik, qəhrəmanlıq salnaməsidir. Azərbaycan bu tarixi Qələbə ilə yenilməzliyini dünyaya bir daha sübut etdi.
Bir daha sizi bu əziz gün – Zəfər Günü münasibətilə təbrik edirəm, hər birinizə möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıram”.