Dünya

“Mehriban düşmən”lərin qatıq davası

“Mehriban düşmən”lərin qatıq davasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan və Ermənistan strateji müttəfiqlik və dostluqdan danışıb, sazişlər imzalayıb, bəyanatlar versələr də, iki dövlət arasında problemlər qalır. Bu problemlər kilsələrdən tutmuş, ərazi iddiası kimi geniş bir spektri əhatə etməkdədir. SSRİ dağıldıqdan sonra isə gərginlik daha qabarıq şəkildə üzə çıxdı. 90-cı illərdə güclənən problemlər o yerə çatdı ki, ermənilər batalyonlar yaradıb separatçı Abxaziyada döyüşərək yüzlərlə gürcünü qanına qəltan etdilər. Separatçı Cavahetiya bölgəsindəki erməni əhalisinin mütəmadi narazılıqlarını da iki dövlət arasındakı narazılıqlar siyahısına daxil etmək olar. Gürcü hakimiyyəti erməniləri vaxtında susdurmaqla problemin böyüməsinə imkan vermədi. Buna baxmayaraq, mütəmadi olaraq erməni deputatları, partiya liderləri bölgədə separatizm yaymaqda davam edir. Gürcüstanla Ermənistan arasında bu dəfə yaşanan problem isə sözün əsl mənasında tragikomikdir.

Bu barədə “Kaspi” qəzetinin hazırladığı məqalədə qeyd olunub.

İki qonşu arasında narazılıq bu dəfə kulinar-qastronomiya sahəsindədir. Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” əmtəə nişanlı süd məhsulunun (qatıq) öz ərazisi vasitəsilə Rusiyaya tranzitini qadağan edib. Bildirilib ki, buna səbəb Gürcüstanın “Matsoni” adını özünün coğrafi göstəricisi kimi qeydiyyata almasıdır. Ermənistan istehsalçıları “Matsun”u Rusiyaya Gürcüstan üzərindən “erməni dağ yoqurtu” adı altında ixrac etməyə məcbur olublar. Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkə hələ 2011-ci ildə “Matsoni” adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsələr də, bu, diqqətə alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə danışıqlar aparır. Ermənistanın süd məhsulları istehsalçıları bildiriblər ki, Gürcüstan “Matsoni” adını coğrafi göstərici kimi çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli sürülməyib.

“Eurasianet” yazır ki, Gürcüstan dövlətinə məxsus “İmedi” telekanalı mübahisəni tamamilə yeni səviyyəyə qaldırıb. Telekanal problemlə bağlı hazırladığı reportajda gürcü dilində “matsoni”, ermənicə isə “Qarabağ Azərbaycandır, dolma da azərbaycanındır” yazısı olan qatıq şüşəsinin şəklini yayımlayıb. Gürcüstan kanalının reportajı internetdə populyarlıq qazanmaqla yanaşı, erməni istifadəçilərin hiddətinə səbəb olub. Hətta məsələyə Gürcüstandakı Ermənistan səfirliyi qarışıb və kanaldan izahat tələb edib. “İmedi” dəqiqləşdirib ki, qatıqla bağlı şəkil internetdən götürülüb. Bir gürcü “Facebook” istifadəçisi isə zarafatla yazıb: “Gəlin Ermənistana müharibə elan edək. Bununla da Ermənistan və Gürcüstanın qatıq üstündə necə müharibə apardığı tarixə düşsün. Bunu istəyirsiniz?”

 

Rusiyanın “Nezavisimaya qazeta” nəşri də dərhal baş verənlərə görə gürcü tərəfini ittiham etməyə tələsib. Qəzet gürcü tərəfinin arqumentlərinin qəribə səsləndiyini iddia edib. Onu da qeyd edək ki, gürcülər bu süd məhsulunu Fransa istehsalı şampan və konyakla yanaşı qoyurlar. Xatırladırlar ki, “Matsoni” adı Gürcüstanda coğrafi anlayış kimi qeydiyyata alınıb. Rusiya nəşri tələm-tələsik belə bir yaşayış məntəqəsinin, həqiqətən də, mövcud olub-olmaması barədə araşdırma aparıb və “müəyyən” edib ki, bu adda nə region, nə yaşayış məntəqəsi, hətta onun oxşarı belə yoxdur. Müəllif gürcülərin yanaşmasının anlaşılan olmadığını, ardınca da “qatıq” mübahisəsinin kökündə iki dövlətin əbədi mübahisələrinin durduğunu göstərib. “Kim daha qədimdir, birinci kim nəyi icad edib, nəyin kimin mətbəxinə aid olması ilə bağlı mübahisə gürcülərlə ermənilər arasında çoxdandır ki, gedir” – deyə qəzet yazır. “Son illərdə turizm və ticarətin inkişafı ilə yeməklərin və içkilərin köhnə adlarının təbliğat brendinə çevrilməsi də burada rol oynayıb. Məhz o illərdə də ehtiraslar (???) xəngəl, xaçapuri və sucuqun hansı millətin nümayəndəsi tərəfindən icad edildiyi mövzusunda gedib. Üzümçülüklə bağlı mübahisələr isə daha ağrılı forma alıb. Ermənilər gürcülərdən özünəməxsus formada qisas alıblar. Qəfil iddia etməyə başlayıblar ki, qoz, fındıq və üzüm bəhməzindən hazırlanan şirin çurçxeli onlara məxsusdur. Mübahisə hələ də rəsmi şəkildə həllini tapmayıb. “Matsoni” ilə bağlı vəziyyət isə tragikomikdir. Məhsulu ilk olaraq ermənilərin və ya gürcülərin icad etdiyini sübut etmək, əti odda ilk dəfə kimin qızartması məsələsi qədər absurddur. Buna baxmayaraq, fakt budur ki, Ermənistanın “matsun” adlı məhsulunu Gürcüstan ərazisindən daşımaq hüququ yoxdur”, – deyə məqalədə vurğulanır.

Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Qayane Antonyan vəziyyəti qəzetə şərh edərkən bildirib ki, bu mövzudakı hay-küy hələ 2011-ci ildə başlayıb: “Bu gün Ermənistan hökuməti gürcü həmkarları ilə iş apararaq coğrafi göstəricilərdən istifadənin aydınlaşdırılması üçün tədbirlər görür”, – deyə Antonyan bildirib. Onun sözlərinə görə, Tbilisi ilə müvafiq müqavilə və coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında saziş imzalandıqdan sonra məhsul öz ənənəvi adı ilə Gürcüstan ərazisindən keçməklə başqa ölkələrə ixrac oluna biləcək. Nazirlik rəsmisi əlavə edib ki, bu məsələ Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında müzakirə ediləcək. Problemin effektiv həlli üçün birgə işçi qrup yaradılıb.

Baş verənlər göstərir ki, Ermənistan Gürcüstanın müstəqilliyi üçün əbədi və başlıca təhdiddir. Erməni diaspor təşkilatlarının antigürcü fəaliyyətləri Gürcüstan dövlətinin altına qoyulmuş minadır. Rəsmi Tbilisi təsirli tədbirlərini gücləndirməlidir. Əks təqdirdə, bir neçə ildən sonra Gürcüstan daha böyük problemlərlə və qanlı hadisələrlə üz-üzə qala bilər.