Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
DiasporPress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun əzələsində dartılma aşkarlanıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu, təxminən, iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu isə o deməkdir ki, Emreli “Qarabağ”ın Kiprdə APOEL-lə keçirəcəyi Avropa Liqasının IV tur matçında, Azərbaycan Premyer Liqasında “Zirə” ilə XI tur oyununda iştirak etməyəcək. Gənc forvard Azərbaycan yığmasının Uels və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin son seçmə matçlarında da, böyük ehtimalla, forma geyinməyəcək. O daha öncə Macarıstana uduzduqları matça (0:1) da zədəsi üzündən çağırılmayıb.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlanacaq. Slovakiya ilə qarşılaşma isə noyabrın 19-da Trnavada təşkil olunacaq.
DiasporPress.az