DiasporPress.az “Report”-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları matçda baş verən erməni təxribatına cavab olaraq, final fitindən dərhal sonra “Qarabağ” azarkeşlərinin yer aldığı tribunaya gedərək, zəfəri birgə bayram ediblər. Daha sonra komanda üzvlər Azərbaycan bayrağı ilə şəkil çəkdiriblər.
“Qarabağ”ın rəsmi “facebook” səhifəsi həmin fotonu “Qarabağ Azərbaycanındır, nida işarəsi” başlığı ilə paylaşıb.
Qeyd edək ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
“Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
DiasporPress.az