Baş nazir Nikol Paşinyan ölkənin Xarici İşlər naziri Zohrab Mnatsakanyanı vəzifəsindən uzaqlaşdırmaq istəyir.
DiasporPress.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Məlumatda bildirilib ki, Ermənistanın beynəlxalq tərəfdaşları ilə problem yarandığına görə Z.Mnatsakanyanın istefası gündəmdədir.
Bu xüsusda Baş nazir Qarabağ məsələsi ilə bağlı hadisələrin inkişafından, xüsusən də Rusiyanın mövqeyindən hiddətlənib.
Belə ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını tənqid etmişdi.
“Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir”,-deyə S.Lavrov bildirmişdi.
İndi isə nəşrin mənbələri bildiriblər ki, N.Paşinyan S.Lavrovun bu açıqlamasından qəzəblənib.
Qeyd olunub ki, Baş nazir Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyanı Rusiya ilə yaxşı əlaqələr qura bilmədiyinə görə vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.
“Lavrov Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sözlərini xatırlatdı. O, faktiki olaraq Ermənistanın ünvanına yəqin ki, ilk dəfə ittiham irəli sürüb. Mənblələrimiz təsdiq edirlər ki, bu bəyanatdan sonra hiddətlənmiş Paşinyan Zohrab Mnatsakanyanı işdən azad etməyə hazırlaşır. Paşinyan hesab edir ki, Xarici İşlər naziri Rusiya ilə lazımi iş aparmayıb və “Qarabağ Ermənistandır, nöqtə” bəyanatının tam mahiyyətini , ümumiyyətlə Ermənistanın indiki hakimiyyətinin mövqeyini izah etməyib”,-deyə nəşr yazıb.
DiasporPress.az