Politoloq, tarixçi, ilahiyyatçı Teymur Ataev koronavirus xəstəliyini keçirənlərdəndir və tədricən normal həyat tərzinə qayıdır. Buna iki həftə ərzində müalicə aldığı Mərkəzi Gömrük Hospitalının tibb işçilərinin səyi ilə nail olunub.
O, Media.Az-a xəstəliyinin gedişatından danışıb.
– Deyə bilərsinizmi, sizdə koronavirusun simptomları nə vaxt meydana gəldi?
– İyunun 12-də özümü pis hiss etdim. Başağrısı, quru öskürək, zəiflik hiss etdim, sonra hərarətim yüksəldi. Əvvəlcə elə bildim adi soyuqdəymədir, amma yenə də təcili yardım çağırmağa qərar verdik. Həkimlər məndən və ailə üzvlərimdən test götürdülər. İki gündən sonra müsbət nəticə gəldi və axşam xəstəxanaya yerləşdirildim. Xəstəxanada kompüter tomoqrafiyası edildim və birtərəfli sətəlcəm olduğum müəyyən olundu.
– Sizcə, harada yoluxmusunuz?
– Bunu demək çətindir. Ümumiyyətlə, qaydalara riayət etməyə çalışmışam və nadir hallarda evdən çıxmışam. Ancaq bu mövzuda fikirlərim nə olursa olsun, hamısı təxmindir.
– Pandemiya xəstəxanasında vəziyyət necədir?
– Belə deyim, sadəcə, şoka düşmüşdüm. Məni iki nəfərlik palataya yerləşdirdilər və sanki ilk dəqiqələrdən tibb işçilərində nəinki peşəkarlıq, eyni zamanda, xəstələrə görə narahatlıq hiss etdim. Buna görə, Gömrük Hospitalının rəhbərliyinə, bu tibb müəssisəsinin müdiri Elman Məmmədova və Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəhbəri Rəşad Mahmudova dərin təşəkkürümü bildirmək istəyirəm.
Fikrimcə, bu tibb müəssisəsinin kollektivi qəhrəmanlardan ibarətdır. Onlar olduqca diqqətli və məsuliyyətlidirlər. Hər bir xəstəyə xüsusi yanaşmaları və çox isti münasibətləri var. Orada sanitarlardan, tibb bacılarından tutmuş, həkimlərə qədər, hamı altı saat işləyir. Gündə bir neçə dəfə temperaturu, təzyiqi və qanda saturasiyanın səviyyəsini ölçürlər.
İlk növbədə, birinci gündən xəstələrə xəstəliyi necə keçirməyi və bununla necə mübarizə aparmağı diqqətlə öyrədən, möhtəşəm mütəxəssis olan infeksionist Afət xanım Əkbərovaya xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çox yumşaq xasiyyətli, mədəni, ağıllı qadın və eyni zamanda, tələbkar həkimdir. Hətta zəruri hallarda axşam saatlarında onunla əlaqə saxlamağa icazə vermişdi, baxmayaraq ki, onun yorğunluqdan tamamilə əldən düşməsi əsindən də aydın hiss olunurdu. Pulmonoloq Samir Quliyev də həmişə onun yanında olur. Hər gün Afət xanım tibb bacısı tərəfindən hər xəstənin səhər tezdən götürdüyü qan testi ilə tanış olur. Nəticələrdən asılı olaraq, müalicə kursu tənzimlənir. Üstəlik, Afət xanım bütün xəstələrdə xəstəliyin gedişatını izləyir. O, demək olar ki, hər kəsi sinəsi üstə yatmağa çağıraraq, nəfəs almağı bərpa etmək üçün hansı idman hərəkətlərinin edilməsini izah edir.
Xəstəxananın tibb işçilərinin əməyini işıqlandırmağı özümə borc bilirəm. Bunlar həkimlər – Ramin Rzayev, Səbuhi Dadaşov, Səidə Kərimova, Lalə İbrahimova, tibb bacıları Emiliya Həsənova, Könül Kərimova, Aysel Behbudova və Luiza Şirinovadır. Sanitarlar da günün istənilən vaxtında xəstələrin, demək olar ki, bütün istəklərini yerinə yetirərək, yorulmadan işləyirlər.
Uzun müddətdir yaxınlarını görməyən, daim xəstələrin yanında olan həkimlərin iradəsinə heyran qalırsan. Tibb işçilərinin xəstələrə necə münasibət göstərməsindən heyrətə gəlirəm. Üstəlik, onlar bütün gün ərzində kombinezonlardadırlar ki, bu da əlavə narahatlıq və təbii ki, təzyiq yaradır.
Etiraf etmək istəyirəm ki, həkimlərin üzərinə düşən işlərin həcmini təsəvvür edə bilməzdim. Ancaq onların özlərini buna həsr etməsi də qeyri-adi şeydir. Ümumiyyətlə, mənə elə gəlir ki, cəmiyyətdə həkimlərin verdiyi töhfəni tam anlamırlar. Bu, sadəcə, qayğı və müalicə deyil, hər insana qayğı ilə ifadə olunan insanlıq, isti münasibətdir. Bundan əlavə, xəstələri sakitləşdirmək üçün onlar psixoloq (tibb bacıları da daxil olmaqla) olmalıdırlar. Axı, demək olar ki, bütün xəstələrdə öz sabahlarına görə qorxu yaranır, bir çox xəstələr şübhəli olur, depressiya xeyli sayda insan üçün xarakterikdir.
Əminəm ki, azərbaycanlı həkimlərə abidə ucaltmaq lazımdır. Onlar faktiki olaraq həyatlarını risk altına atmaqla ön cərgədədirlər. Gücləndirilmiş iş rejimləri var, palataları və şöbələri gəzirlər, hər şeyi necə bacardıqlarını yalnız Allah bilir və heç şikayət etmirlər. Xəstəxanada qalmağımın son günündə tibb bacılarından birinin yoluxduğunu öyrəndim…
– Necə və nə ilə müalicə olunurdunuz?
– Antiviral dərmanlar və antibiotiklərlə, həm də müntəzəm olaraq sistem qoşulurdu. Bundan əlavə, bizi məcbur edirdilər ki, daha çox su içək, tənəffüs məşqləri edək və enerjimizi itirməmək üçün özümüzü yükləməyək. Həkimlərin xəstələri müalicə etdikləri xüsusi bir müalicə protokolu var. Allah kimisə bu xəstəliyə mübtəla etməsin, çox çətindir. Özlərini xəstəlikdən qorumaq mümkün olmadıqda, xəstəni hərəkətə gətirməli olan ən vacib şey həkimlərin tövsiyələrini və məsləhətlərini dinləməkdir.
Düzünü desəm, xəstəxanaya getməmişdən əvvəl virusun olduğuna inansam da, problemi o qədər də ciddiyə almırdım. Təəssüf ki, bir çoxlarında bu anlaşılmazlığın olduğunu, daha doğrusu, gigiyena və sosial məsafə baxımından göstərilənlərə əməl etməməyin nə qədər təhlükəli olduğunu görürəm. Hərçənd ki, hər birimiz təkcə özümüz üçün deyil, yanınızda olanlar üçün də məsuliyyət daşıyırıq.
– Yaxınlarınızın analizlərinin nəticələri necə oldu?
– Yoldaşımda neqativ çıxdı. Qızımda isə əvvəlcə mənfi idi, lakin sonradan onun temperaturu yüksəldi və ikinci analiz, təəssüf ki, koronavirus infeksiyasının olduğunu təsdiqlədi. Lakin xəstəliyi daha az və ya daha yüngül formada keçirdiyinə görə, evdə müalicə təyin olundu. Son günlər, Allaha şükür, özünü bir az yaxşı hiss edir. Ümid edirik ki, bu infeksiya əvvəlki günlərdə bizimlə təmasda olan digər ailə üzvləri kimi, həyat yoldaşımdan da yan keçəcək.
– Xəstəxanadan nə vaxt buraxıldınız?
– İyunun 24-də məni test etdilər, nəticəsi bir gün sonra koronavirus infeksiyasının olmadığını göstərdi, sonra məni evə buraxdılar.
– Bu virusa inanmayanlara nə deyərdiniz?
– Çox təəssüf ki, virus var və çox ağır keçirilir. Afət xanımın dediyinə görə, xəstələrin ağciyərləri yeni doğulan körpələrdə olduğuna bənzəyir. Daha doğrusu, xəstəliyin kritik vəziyyətə düşməməsinin qarşısını almaq üçün xüsusi qayğıya ehtiyac var. Bu, xəstəliyin çox problemli formasıdır, ancaq günün reallığıdır… Özümüz və yaxınlarımız naminə bu vəziyyəti dərk etmək hamımız üçün vacibdir.
Bəli, texnoloji inqilab və süni intellekt əsrində bunun nə qədər paradoksal səslənməsinə baxmayaraq, maska taxıb sosial məsafəni gözləmək zamanın diktəsi, yəni indiki tarixi mərhələnin tələbidir. Bu davranış standartlarına, eləcə də şəxsi gigiyena qaydalarına riayət etmək gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir. İndi, sadəcə, başqa variant yoxdur!
Koronavirus üçün heç bir peyvənd və ya xüsusi müalicə olmadığı müddətdə əlimizdən gələn şey bütün tədbirlərə əməl etməkdir. Bu xəstəliyə müqavimət göstərən bir mədəniyyət meydana çıxmalıdır. Bunu öyrənməsək, daha böyük problemlərimiz olacaq. Bizdən mürəkkəb nəsə tələb olunmur, təkrar edirəm, sadəcə, maska taxın, məsafə saxlayın və əllərinizi yuyun!
DiasporPress.az