Ölkə

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar – FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Qardaşım tək mənə qardaş olmayıb. Məndən bir yaş balaca idi . O mənə ata, dost, sirdaş olub. Atam avtomobil qəzası nəticəsində yaddaşını itirib, II qrup əlildir. Mən atamın  bu cür xəstə olmasını qardaşım sağ ikən hiss etməmişdim.  İndi görürəm ki, atam nə vəziyyətdədir”.

Bu sözləri açıqlamasında 44 günlük Vətən müharibəsinin daha bir şəhid qəhrəmanı Oktay Səfərovun bacısı Günay Rəsulova deyir.

Şəhid bacısı qardaşının qayğıkeşliyindən ağız dolusu danışır. Onu mələyə bənzədərək elə mələk kimi də dünyadan köçdüyünü vurğulayır.

Qəhrəmanımız Vətən müharibəsinin ilk günlərindən sona kimi ön cəbhədə döyüşüb. 27 yaşlı Oktay Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək 32 döyüş yoldaşıyla birgə şəhidlik məqamına yüksəlib. Sonuncu dəfə ailəsiylə noyabrın 2-də danışıb. 16 gündən sonra ailəsi övladının nəşinə qovuşub. O, anadan olduğu Saatlı rayonunun Qaralar kəndində torpağa tapşırılıb.

G. Rəsulova bildirir ki, həm müharibədən qabaq, həm də  döyüşlər vaxtı hər zaman  qardaşıyla əlaqə saxlayıb: “Deyirdim “ay qaqam, deyirdi  “can ay, ürəyim”. O heç vaxt mənim adımı çəkməyib. Təsəvvür edirsinizmi, belə bir qardaş idi. Heç vaxt valideynlərimin, mənim xətrimə dəyməyib.  Sanki mələk idi, gəldi bu dünyaya və getdi. O ailəmizi necə sevirdisə, Vətəni də elə sevirdi. Məncə, o bizi belə  kimsəsiz qoyub getmək istəməzdi. Mən sağlığında da onunla fəxr edirdim, indi də fəxr edirəm. Vətən sağ olsun. Amma kaş o da  sağ olaydı. Hər birimizin dayağı o idi. Bundan sonrakı həyatımızı düşünmək çox çətindir. O bizim yanımızdadır, mən onu görürəm. Hər zaman da qəlbimizdə yaşayacaq.  Arzumuz odur ki, onun xatirəsi daim yaşasın. Hamı onu tanısın”.

G.Rəsulova qardaşı üçün nişan hazırlıqlarına başladıqlarını da diqqətə çatdırıb: “Sevdiyi bir qız var idi. 6 il idi ki bir-birlərini sevirdilər.  Virusa görə nişan məsələsini təxirə salmışdıq.  6 illik sevdiyi insanı Allah ona qismət etmədi. Hər dəfə nişan məsələsi gündəmə gələndə kimsə rəhmətə gedirdi, ya da başqa problemlər çıxırdı. Sonuncu dəfə Türkiyədən qayıdanda sevdiyi qızın anası rəhmətə getdi. Elə bir ağır durumdan sevdiyini çıxartdı.  Həmin qızın atası da  rəhmətə getmişdi. O da bizim ailəmizin bir üzvüdür. Hər gün bir-birimizlə maraqlanmışıq.

Doğma bacım kimidir. Qardaşım ailə qursaydı, çox xoşbəxt olacaqdı. Mənim övladlarıma elə bir dayıdır ki, təsəvvür edə bilmirəm ki, onun öz uşaqları olsaydı, o necə bir ata olardı.

Mən ailə quranda qardaşımım  20 yaşı olardı. O mənə atalıq etdi, 2 il dayanmadan işləyib  bütün cehizlərimin kreditini ödədi. Mən onun mənə etdiklərinin bir faizini də olsa qaytara bilmədim.

Tovuz hadisələrində, aprel döyüşlərində şəhid olanların hamısına bir-bir ağlamışdım. Sanki mən də bunu yaşayacaqmışammış kimi. Allaha yalvarırdım ki,  bizə bunu yaşatmasın. Amma indi necə dözürük anlaya bilmirəm.  Yəqin ki, həyatda qalan ailəmizə görə ayaqda dururuq”.
Şəhid anası Zülfiyə Səfərova da övladı barədə danışmağın çətin olduğunu vurğulayır:

“Sentyabrın 21-də təlim  adıyla apardılar. Noyabrın 7-də Şuşa istiqamətində döyüşlərdə 32 nəfər döyüş yoldaşı eyni anda şəhid olub. Komandirləri də onlarla bərabər şəhid olub.

Rayonumuzun uşaqlarından da yanında heç kim olmayıb. Ona görə də hələ biz onun qəhrəmanlıqları haqqında kimdənsə nəsə öyrənə bilməmişik. Səfərbərlikdən dedilər ki, Şuşada xüsusi təyinatlılarla birgə onlar da döyüşürmüş. Zəngilan, Qubadlı, Füzuli, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. Baş atıcı olduğuna görə həmişə ön cəbhədə olub.

Sonuncu danışığımız noyabrın 2-də olub. Ona kimi hər gün demək olar ki danışmışıq. Çətinlikləri barədə bizə deməzdi.  Bir sonuncu zəngdə bizə dedi ki, döyüşə girdik, yaralananlar oldu. Ayın 2-dən 18-nə kimi məlumat ala bilməmişik.Elə uşaq idi ki heç cür məni xəbərsiz qoymazdı. Artıq ayın 11-dən mən narahat oldum. Hər yerdə onu axtardım. Noyabrın 18-də nəşini Füzuli rayon Diaqnostika Mərkəzində tapdıq. Ayın 19-da kənddə dəfn etmişik.

Bacılarının ikisi də ailəlidir. Oktay çox mehriban, qayğıkeş,  ağıllı bir balaydı. Savadlı idi, ancaq ali məktəbə daxil olmaq ona qismət olmadı. 11-ci sinifi bitirəndə universitetə girməyə 5 balı çatmadı. Daha sonra Şirvanda Araz kurslarına qoyduq. Orada sınaq imtahanlarında 500-dən yuxarı bal yığdı. 9 ay hazırlaşdı, ancaq hərbi komissarlıq əsgərliyə görə möhlət hüququ vermədi. Ona görə hərbi xidmətə getdi. Planlamışdı ki, yanvarda gəlib yenidən hazırlaşacaq.

Əsgərlikdən gəlməyinə 4 ay qalmış atası qəzaya düşdü. Qabırğası sındı, yaddaşı itdi. Bütün ailənin yükü onun çiyinlərinə düşdü, ona görə də təhsil ala bilmədi. 1 il yol idarəsində işlədi,  sonra Bakıda tikintidə, 3 il də Türkiyədə yaşayıb işlədi. 2019-cu ilin dekabrında evləndirmək məqsədiylə gətirdim. O da virus ortaya düşdü. 6 illik sevgisi, bir çox şeyi yarımçıq qaldı. Onun nişan hazırlıqlarının hamısını etmişdik”.

 

Diasporpress.az