Diaspor

Kolumbiya televiziyasında Qarabağla bağlı bəyanata dair reportaj – FOTO/VİDEO

Kolumbiya televiziyasında Qarabağla bağlı bəyanata dair reportaj – FOTO/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın nüfuzlu “Caracol” televiziya kanalının “El mundo hoy” verilişində Ermənistan-Azərbaycan münaqişəsi və tərəflər arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda reportaj və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun məsələ ilə bağlı müsahibəsi efirə gedib.

Bununla bağlı Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Müsahibədə Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan səfir, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və ümumilikdə razılaşmanın regionda davamlı sülhün bərqərar olmasına şərait yaradacağına ümidvar olduğumuzu bildirib.

Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulmuş və son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıdacağını deyən səfir, Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.

Erməni xalqının atəşkəs bəyanatından narazı olması və bunu öz hökumətinin satqınlığı hesab etməsi ilə bağlı suala münasibətdə səfir yaranmış durumun birbaşa Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin siyasi rəhbərliyinin öz xalqını illərlə aldatdığını və onları sülhə hazırlamaq əvəzinə bu torpaqların işğalının nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.

Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi haqda məlumat verilib, hərbi əməliyyatların gedişatı və hazırda ermənilərin işğal olunmuş ərazilərimiz tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.

Müsahibədə Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ölkəmizin beynəlxalq qaydada tanınmış ərazilərinin 30 ilə yaxındır Ermənistanın hərbi işğalı altında olduğunu deyən səfir, Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın suveren ərazilərində mövcudluğu və BMT Təhlükəsizlik Şurasının bu ərazilərin azad olunmasını tələb edən müvafiq qətnamələrinə əməl edilməməsinin regionda davamlı sülhə başlıca təhdid olduğunun tərəfimizdən daim ifadə edildiyini qeyd edib.

Səfir bu günədək hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyinə şahid olduğumuzu, bu səbəbdən həmin ərazilərdə yenidənqurma işlərinin aparılmalı olduğunu qeyd edib.

Razılaşmaya görə tərəflərin əldə etdiyi nəticələr barədə suala münasibətdə səfir 30 ilə yaxındır işğaldan əziyyət çəkən Azərbaycanın beynəlxalq ictimiayyətin bütün üzvləri, o cümlədən Kolumbiya tərəfindən tanınmış ərazilərinin azad edilməsinə nail olduğunu, beynəlxalq ictimaiyyətin qazancınınsa BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsindən ibarət olduğunu bildirib.

XXI əsrdə hansısa dövlətin işğalçılıq siyasəti yürütməsi, digər suveren dövlətin ərazilərini hərbi işğalda saxlaması və 1 milyon insanı məcburi köçkünə çevirməsinin qəbuledilməz olduğunu söyləyən diplomat, erməni xalqının bütün qonşuları ilə mehribanlıq və barış içində yaşaması gərəkdiyini anlamalı olduğunu vurğulayıb.

Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu xüsusda Roma papası Fransisko tərəfindən bütün dünyada tolerantlıq modeli adlandırıldığını deyən səfir, əldə olunan razılaşmanın önəmli nəticələrindən birinin də bölgədə sülhün bərqərar edilməsi ilə hər iki xalqın barışıq halında birgə yaşamasına nail oluna biləcəyi və ümumilikdə regionda dirçəliş dövrünün başlaması üçün imkan yaranması olduğunu söyləyib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin cari durumuna toxunan səfir, Kolumbiya XİN-in hazırkı atəşkəs razılaşmasını rəsmi bəyanatla dəstəklədiyini, ümumilikdə iki ölkə artasında müsbət siyasi dialoq mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə müvafiq qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr üzərində çalışıldığını, bu xüsusda bir neçə il ard-arda Azərbaycan XİN əməkdaşları üçün ispan dili kurslarının kolumbiyalı professorlar tərəfindən həyata keçirildiyini qeyd edib.

Diasporpress.az