Diaspor

Kolumbiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu – VİDEO

Kolumbiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu – VİDEO

 

Kolumbiyanın çoxmilyonlu izləyici kütləsinə malik “Cablenoticias” televiziya kanalında səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən Ermənistan və Azərbaycan arasında atəşkəsin təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda müsahibəsi canlı yayımlanıb.

Azərbaycanın Kolumbiyadakı səfirliyindən verilən məlumata görə, müsahibədə Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ölkəmizin beynəlxalq qaydada tanınmış ərazilərinin 30 ilə yaxındır Ermənistanın hərbi işğalı altında olduğunu deyən səfir, Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın suveren ərazilərində mövcudluğu və BMT Təhlükəsizlik Şurasının bu ərazilərin azad olunmasını tələb edən müvafiq qətnamələrinə əməl edilməməsinin regionda davamlı sülhə başlıca təhdid olduğunun tərəfimizdən daim ifadə edildiyini qeyd edib.

10 noyabr tarixində Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan təmsilçimiz, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, 1 dekabr tarixinədək Ermənistan silahlı qüvvələrinin işğalda olan Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxarılacağını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməkdə olduğunu, atəşkəs və razılaşmanın müddəalarının yerinə yetirilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə irəlidəki vaxtlarda 1991-94-cü illərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıdacağını bildirib.

Səfir bu günədək hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyinə şahid olduğumuzu, bu səbəbdən həmin ərazilərdə yenidənqurma işlərinin aparılmalı olduğunu qeyd edib.

Razılaşmaya görə, tərəflərin əldə etdiyi nəticələr barədə suala münasibətdə səfir 30 ilə yaxındır işğaldan əziyyət çəkən Azərbaycanın beynəlxalq ictimayyətin bütün üzvləri, o cümlədən Kolumbiya tərəfindən tanınmış ərazilərinin azad edilməsinə nail olduğunu, beynəlxalq ictimaiyyətin qazancınınsa BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsindən ibarət olduğunu bildirib.

XXI əsrdə hansısa dövlətin işğalçılıq siyasəti yürütməsi, digər suveren dövlətin ərazilərini hərbi işğalda saxlaması və 1 milyon insanı məcburi köçkünə çevirməsinin qəbuledilməz olduğunu söyləyən diplomat, erməni xalqının bütün qonşuları ilə mehribanlıq və barış içində yaşaması gərəkdiyini anlamalı olduğunu vurğulayıb.

Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu, 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu xüsusda Roma papası Fransisko tərəfindən bütün dünyada tolerantlıq modeli adlandırıldığını deyən səfir, əldə olunan razılaşmanın önəmli nəticələrindən birinin də bölgədə sülhün bərqərar edilməsi ilə hər iki xalqın barışıq halında birgə yaşamasına nail oluna biləcəyi və ümumilikdə regionda dirçəliş dövrünün başlaması üçün imkan yaranması olduğunu söyləyib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin cari durumuna toxunan səfir, Kolumbiya XİN-in hazırkı atəşkəs razılaşmasını rəsmi bəyanatla dəstəklədiyini, ümumilikdə iki ölkə arasında müsbət siyasi dialoqun mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə müvafiq qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr üzərində çalışıldığını, bu xüsusda bir neçə il ard-arda Azərbaycan XİN əməkdaşları üçün ispan dili kurslarının kolumbiyalı professorlar tərəfindən həyata keçirildiyini qeyd edib.

Diasporpress.az