Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moldovada fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresi (MAK) və bu ölkədəki Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Diasporpress.az xəbər verir ki, səfirliyin ərazisində baş turan tədbirdə yerli ictimai, siyasi, elm xadimləri, iş adamları, Moldovada yaşayan və təhsil alan 400 nəfərə yaxın azərbaycanlı iştirak ediblər.
Tədbirdə MAK sədri Elçin Bayramov, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, diaspor fəalı Maarif Rəhimov və başqaları çıxış ediblər. Natiqlər müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti, fəlsəfəsi və ideologiyası barədə danışıblar. Bildirilib ki, hər il dünyanın əksər ölkələrində doğum günü qeyd edilən dahi şəxsiyyətin xatirəsi əbədi olaraq azərbaycanlıların könüllərində yaşayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il əzəli torpaqlarımızın azad edilməsinə nail olmaqla və üçrəngli dövlət bayrağını Şuşada, Qarabağda yenidən ucaltmaqla ümummilli liderin vəsiyyətini yerinə yetirdiyi nəzərə çatdırılıb.
Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib, dahi şəxsiyyətə həsr edilmiş şeirlər səsləndirilib, milli rəqs və mahnılar, eləcə də görkəmli bəstəkar və müğənni Müslüm Maqomayevin əsərləri ifa edilib.
Tədbir səfirliyin ərazisində ağacəkmə mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, ağacəkmə kampaniyası Kişinyovdakı “Əbədiyyət” Memorial Kompleksinin Şuşa xiyabanında da həyata keçirilib. MAK sədri Elçin Bayramovun, Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndəsi Çingiz Quliyevin, diaspor fəallarının və bu ölkədə təhsil alan tələbələrin qatıldıqları aksiya zamanı xiyabanda ölkəmizə məxsus şabalıd fidanları əkilib.
Diasporpress.az