Ölkə

Kinoteatrlar qaydalara uyğun fəaliyyət göstərə biləcək potensialdadır – AÇIQLAMA

Kinoteatrlar qaydalara uyğun fəaliyyət göstərə biləcək potensialdadır – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə respublika ərazisində xüsusi karantin rejimi tətbiq edilir. Son günlərdə isə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən karantin rejiminin yumşaldılması istiqamətində bir sıra qərarlar qəbul olunub.

31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və “Mall”ların, eləcə də digər sahələrin fəaliyyətinə icazə verilib.

Belə ki, “Mall”lar fəaliyyətini bərpa etsə də, onların nəzdindəki kinoteatrlar, uşaq və digər əyləncə mərkəzləri, ictimai iaşə məkanlarının fəaliyyəti istisna edilib.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaratsa da, fəaliyyətinə icazə verilən sahələrdə kifayət qədər pozuntu halları ilə rastlaşırıq.

Oxu.Az pandemiya dövründə fəaliyyətinə icazə verilməyən bir sıra sahələrlə maraqlanıb. Bu sahələrdən biri də kinoteatrlardır. Artıq iki aya yaxındır ki, kinoteatrlar fəaliyyətini dayandırıb.

İctimai iaşə obyektlərində, nəqliyyatda sərnişinlərin sosial məsafəyə riayət etmədiyini, küçələrdə 10 nəfərdən çox insanın toplaşdığının şahidi oluruq. Belə olan hallarda kinoteatrların fəaliyyətinin bərpası ilə bağlı mövzu nə üçün müzakirə olunmur?

Məsələ ilə bağlı “Nizami” kinoteatrının mətbuat xidmətinin rəhbəri Arzu Əhədova redaksiyamıza açıqlamasında bu məsələnin də müvafiq qaydada müzakirəyə çıxarılmasını istədiyini deyib:

“Bu gün “Mall”ların, geyim dükanlarının, iaşə obyektlərinin müvafiq sanitar-epidemioloji qaydalar çərçivəsində fəaliyyətinə icazə verilib. Lakin gördüyümüz qədər bu obyektlərdə vətəndaşlar arasında sosial məsafəyə riayət olunmasına tam nəzarət edə biləcək sistemlər yoxdur. Lakin kinoteatrlarda bu qaydalara birmənalı şəkildə riayət olunması üçün xüsusi sistem var. Biz bilet satışını elə həyata keçirə bilərik ki, seanslara bilet alan şəxslər 2 və ya 3 oturacaqdan bir əyləşsinlər. Digər yerlərə bilet satışı olmadığı halda, heç bir şəxs kinoteatrda salonlara daxil ola bilməz. Belə olan halda fəaliyyətimizin bərpası yoluxma hallarının artmasına zəmin yaratmaz”.

A.Əhmədova onu da əlavə edib ki, kinoteatrlarda hər seansdan sonra salonların havası dəyişdirilir və təmizlik işləri aparılır:

“Pandemiya dövründən əvvəl də bizim kinoteatrda seans müddətində içəridə nəzarətçilər olur. Onlar bilet alan şəxslərin digər yerlərə keçməməsi üçün seans boyu müşahidə aparırlar. Böyük zalımız 500 nəfər üçün nəzərdə tutulub. Havalandırma sistemimiz kifayət qədər yaxşı işləyir. Hər seansdan sonra salonlar növbəti seansa qədər havalandırılır.

Biz salonları havalandırıb, daha sonra kondisioner sistemlərini qoşa bilərik. Hətta “Nizami” kinoteatrının binası, divarların qalınlığı və s. məqamlar nəzərə alınsa, o qədər də isti olmur. Amma bütün hallarda düşünürəm ki, kinoteatrlar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun şəkildə fəaliyyət göstərə biləcək potensialdadır”.

 

 

DiasporPress.az