Sıfırdan başlayıb, neçə il ərzində uğurlu sahibkar olmaq mümkündür?
Düşünürəm biznes həm çox çətin həm də çox sadə fəaliyyətlərin toplusudur. Hər bir biznesin isə özünəməxsus atılması gərəkən addımları və qaydaları var. Elə buna görə də biznesdə neçə il ərzində uğurlu olmaq olar sualını cavablandırmaq çox çətindir və bu sualın çox vacib faktorlardan asılı olan cavabı var. Bu faktorlar aşağıdakı kimidir.
İdeya nədən ibarətdir?
Biznes qurmaq istəyən şəxsin vizyonu nədir?
Daxil olduğu sektor nə qədər uyğun və münbitdir və bazar həcmi nədir?
Nə qədər əlaqələr var?
Rəqiblər çoxdurmu və müştəri potensialı nədir?
Şəxsin özünün şəxsi üstünlükləri və bacarıqları nə qədərdir və s.
Bu faktorların bir biri ilə inteqrasiyası nəticəsində əslində bir şəxs nə qədər müddətdə biznesdə uğurlu ola biləcək sualının cavabını tapa bilərik. Bir də ən önəmli faktorlardan biri də odur ki, təşəbbüskar həqiqətən də özü üçün doğru biznesdədir mi? Bəzən illərlə çaba göstərdiyi biznesdə uğurlu nəticələr əldə edə bilməyən şəxslər, sektoru dəyişdikdə çox yaxşı nəticələr əldə edə bilirlər. Bu onun göstəricisidir ki, hər bir sahəyə kor-koranə girmək özü düzgün strateji addım deyil. Atılan addımları, görülən fəaliyyətlərin qarşılığında sizi qane edən bir büdcə əldə edə bilirsinizsə deməli siz bizneslə məşğulsunuz. Əks halda bu biznes deyil.
Biznes qurmaq üçün atılan addımlarda edilən səhvlər hansılardı? Nəyi etmək məsləhət deyil və ya əksinə, hansı xüsusiyyətlər vacibdir?
Bir müddət sonra anladığım ən önəmli fikirlərdən biri o oldu ki, ümumiyyətlə hər bir mövzuya görə bir çox insanlarla müzakirələr aparmaq bizi uğura deyil uğursuzluğa aparır. Bəlkə də bu fikirlə çoxları razı olmayacaq. Amma mən düşünürəm ki, bizim biznes tərəfimiz bizə hansı addımları atmağımızı söyləyirsə analiz etməli və addım atmalıyıq. Biz nə edirik? Bir işdə qığılcım gördükdə bunu onlarla insanlarla bölüşürük. Bu isə özü özlüyündə bizim fikirlərimizi dağıdır və biz nəticədə bu işin arxası ilə getmirik.
Lakin mən çox məsləhət görərdim ki, istər xanım istərsə də bəylər yeni biznes qurmaq üçün addımlar atmaq istəyirlərsə mütləq formada çoxlu bizneslər bağlı kitablar oxumalı və ümumilikdə biznesin əslində açarlı qapılarını açmalıdırlar. Misal üçün açarlı qapıların açılması o deməkdir ki, biz bəzən illərlə çalışırıq və çox kiçik büdcələr əldə edirik. Lakin eyni sektorda başqa bir məhsulun üzərində çalışmağa başlayırıq və görürük ki, bu məhsula itirdiyimiz əziyyətlər əvvəlkindən 2-3 dəfə az, qazancı isə 2-3 dəfə çoxdur. Biznesdə hər zaman daha yaxşının arxası ilə getmək lazımdır.
Biznesdə əsas xüsusiyyətlər dşüünürəm ki, aşağıdakılardır.
1. Əzmli və səbrli olmaq,
2. Liderlik xarakterinə malik olmaq,
3. Natiqlik, inandırmaq və satış qabiliyyətinin yüksək olması,
4. Analiz etmə qabiliyyətinin yüksək olması,
5. Risk etmə bacarığının olması,
6. Davamlı olaraq əlaqələrini gücləndirməkdə maraqlı olan və təşəbbüskar xarakter.
7. Problemi qısa zamanda həll etmə bacarığı,
Bu xüsusiyyətləri özündə formalaşdıran şəxslər rahatlıqla biznesə başlaya bilərlər çünki itirmək şansları çox-çox az olacaqdır.
Azərbaycanın uğur əldə edən ən məşhur gənc sahibkarlar arasında kimləri xüsusi vurğulaya bilərsiniz?
Son zamanlar startup sektorunda uğurlu fəaliyyət edən dostlarımız var. Toğrul Səməd, Vaqif Abbasov və Orxan Rza kimi dostlar öz layihələrinə çox ciddi rəqəmlərdə investisiyalar cəlb edə biliblər. Bizim xidmətlərimiz elədir ki, davamlı olaraq sahibkarlarla, iş adamları ilə görüşürük və həqiqətən də Azərbaycanda hal hazırda çox yaxşı marka sabiləri, fabrika sahibləri, şəbəkə biznes sahibləri gənclər var ki, çox ciddi nəticələr göstərirlər.
Tez-tez biznes görüşlər olur. Demək olar ki, bu biznes görüşlərdə 100-lərlə gənclər iştirak edir və hər birinin nəticələrinə baxdıqda göz qamaşır.
Təcrübəli biznes mütəxəssisləri deyirlər ki, əgər siz hansısa yeni biznesə başlamaq istəyirsizsə, ağlınıza ideya gəldisə, onun inkişafı istiqamətində ilk 72 saat ərzində hərəkət etməlisiz, əgər bunu etmədizsə deməli sizdən biznesmen çıxmaz. Sizcə də belədir?
Xeyr əlbəttə, bunun əksini edən və uğurlu nəticələr əldə edən şəxslər də çoxdur. Əslində birinci sualda da cavablandırdığımız kimi bu nüans faktorlardan asılıdır. Lakin mütləq əgər yaxşı bir təklif varsa və siz onu araşdırmırsınız, onun arxası ilə getmirsinizsə bu sizin biznes tərəfinizin, təşəbbüskar tərəfinizin zəiflərindən irəli gəlməkdədir. Əsl biznesmenlər hər zaman yaxşı təklifləri dəyərlədirə bilməyi bacarmalıdırlar. Ən azından müəyyən araşdırmalar etməli, analizlər aparmalıdırlar. Biznes elə bir fəaliyyət növüdür ki, atacağın addımın uğurlu olub olmamasının nəticəsini yalnız o addımı atdıqdan sonra bilmək olur. Misal üçün bir kofe mağazası açmaq istəyirsinizsə, bütün planlamaları edirsiniz və bütün detallar üzərində çalışırsınız. Əslində uğurlu olmaq şansınızı artırırsınız. Lakin yenə də uğurlu olub olmayacağınızı mağazanı açdıqdan sonra tam biləcəksiniz. Yəni təəssüf olsun ki, bir nəfərin biznesdə uğrulu olması o şəxsin daxili aurasının və xarici mühitinin birlikdə gücündən formalaşdığı üçün, hansı şəxsin hansı işdə uğurlu olub olmayacağını öncədən təsbit etmək çox çətindir.
Öz işini qurub, öz müdiri olmaq istəyən çoxdur. Lakin komfort zonasini tərk edib, nəyisə dəyişmək istəyən azdır. Sizcə insanlara nə mane olur öz biznesini qurmaqda?
İnsanlara mane olan əsas nüans ilk addımı ata bilməməkdir. Həqiqətən də bu belədir ki, hər kəs bizneslə məşğul olmaq istəyir. Çox az şəxs ola bilər ki, şəxsi biznesi haqqında düşünməsin. Lakin bu əksər şəxslərdə elə düşncə olaraq qalır və bunu ilkin addımlara çevirə bilmir deyə saxlayır. Haradan başlayacağını bilmir. Mən qeyd edim. Burada mənə görə çox incə bir nüans var. Sevdiyi sahənin nə olduğunu seçməli, paralel olaraq o sahəni yaxşı öyrənməli, ilkin yatırımlar etməli və uğurlu nəticələr əldə etdiyi zaman gözləmədən biznesə keçməlidir. Uğurlu olmadığı zaman isə həvəsdən düşməməli problemin harada olduğunu aşkarlamalıdır.
Şəxsi biznesinə başlamaq üçün nəyi analiz etmək lazımdır? Biznes plan necə qurulur? Ana xətt nə olmalıdır?
Gəlin düşünək biz bir biznesə başlamaq istəyirik və nələrə diqqət etməliyik. Bu məsələ çox həssasdır. Bizim ideyamız, bizim məhsulumuz və yaxud xidmətimiz nə qədər fərqlidir. Nə qədər faydalıdır. Təəssüf olsun ki, biznesə daxil olanların 90% öz ideya və məhsullarını xüsusiləşdirmədən sektora daxil olurlar. Misal üçün kimsə görür ki, kofe shop işi, fast food biznesi yaxşı işləyir mağaza təyin edir və gedir eyni məhsullardan gətirir.
Lakin xüsusi konsepsiya, xüsusi çeşidli şirniyyatlara, xüsusi xidmətə başlamır. Yəni bu biznesi özünküləşdirmir. Özünə məxsus dəyərlərini qatmır.
Biznes planda mütləq rəqiblərin araşdırması edilməli və bazarın təlabatı ölçülməlidir. İdeyamızın SWOT analizi aparılmalıdır. Güclü, Zəif, Fürsətlər və Təhditlər aşkarlanmaldır. Vizyonumuzu və hədəflərimizi aşkarlamalıyıq. Bu işin ən əsas nöqtəsidir. Faydalarımızı daha necə artırmaq olar ona baxmaq lazımdır. Biznesin inkişaf planı, marketinq və satış planı və əsasən də maliyyə planı hazırlanmalıdır ki, biz qarşıda bizi nələrin gözlədiyini bilək.
İnsan özündə sahibkarlıq bacarığını necə kəşf edə bilər?
Həqiqətəndə düşünürəm bunun ən önəmli yolu sahibkarlarla eyni mühitdə olmaq və onlarlarla tez-tez görüşməkdir. Bu görüşlər nə qədər intensiv olarsa o qədər özünüzdə sahibkarlığın var olub olmadığını aşkarlaya bilərsiniz. Çünki belə olan halda sahibkarlardan uyğun təkliflər alırıq, motivasiya alırıq və dəstək alırıq. Bu mərhələdə biznesə başlamağa tərəddüt edən şəxslər olarsa demək ki, şəxslərdə biznesə qarşı maraq çox azdır.
Əlavə olaraq hər kəsə məsləhət görürəm ki, internetdə araşdırmalar etsinlər. Rusiya bazarını, Turkiyə və Amerika bazarını. Minlərlə ideyalar var internetdə onları analiz etsinlər və yerli bazar ilə müqayisə aparsınlar. Bu zaman sahibkarlıq hissində çox ciddi inkişaflar olacaqdır.
Hobbini pula çevirmək daha çox hansı amillərdən asılıdır?
Həqiqətən də keçmişə nəzərən indi elə bir zamandır ki, satışı və marketinqi yaxşı bilən mütləq öz məhsulunu və xidmətini satmağı bacaracaq. Ümumilikdə mən hər zaman düşünürəm ki, uğurlu bizneslər o bizneslərdir ki, bütün satış kanllarını aşkarlayıb, analiz edib və o satış kanallarını yaxşı tanıyır. Yəni müştərisini və müştəriyə çıxacaq yolları bilməlidir. Hobbidən də pul qazanmağın yolları budur. Kimə faydalıdır bizim gördüyümüz iş və bu şəxslərə necə satış edə bilərik? Bunu öyrənməliyik. Rəqəmsal marketinqi yaxşı öyrənməliyik. Bizim satışımızı sürətləndirəcək qurumları və təşkilatları tapmalı onlardan dəstəklər almalıyıq. Sonra isə daha çox necə məhsulumuzun satış sayını artıra biləcəyimiz barədə düşünməli və komandamızı, biznesimizi qurmalıyıq.