Kanadada yaşayan gənc soydaşlarımız Leyla və Məryəm Məmmədovaların müəllifi olduqları “Qarabağ çiçəyi” adlı kitab tezliklə Bakının kitab mağazalarında satışa çıxarılacaq.
Məmmədova bacıları kitabın satışından əldə olunan bütün gəliri 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailə üzvlərinə və qazilərimizə ianə edəcəklər.
Babalarının əslən Qarabağın ürəyi Şuşadan olduğunu vurğulayan bacılar bildiriblər ki, Ermənistanın qeyri-qanuni olaraq Azərbaycan ərazilərini işğal etdiyi faktını öyrənəndə çox hiddətləniblər.
İkinci Qarabağ müharibəsinin başlanması bacılara Qarabağ haqqında uşaq hekayələr toplusu yazmaq ideyası verib, çünki Şuşa azad edildikdən sonra onun dağıntılara məruz qaldığını əks etdirən fotolar ürəklərini parçalayıb. “Ümid edirik ki, “Qarabağ çiçəyi” kitabı vacib dəyərlərin qorunub saxlanılması istiqamətində bütün dünya gənclərini, xüsusən də azərbaycanlıları ruhlandıracaq.
Biz öyrəndik ki, səsimiz böyük əhəmiyyət kəsb edir və çoxlu dəyişikliklərə gətirib çıxara bilər. Sadəcə, səsimizdən istifadə edəcək qədər cəsarətli olmalıyıq”, – deyə Məryəm Məmmədova söyləyib.
Bacılar qeyd ediblər ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalından qurtulması xəbərinə çox seviniblər və yaxın gələcəkdə babalarının Şuşadakı evini ziyarət etmək istəyirlər.
Qeyd edək ki, 18 yaşlı Məryəm Məmmədova və 16 yaşlı Leyla Məmmədova Bakıda anadan olublar. Uşaqlıq dövrləri ABŞ, Kanada, Birləşmiş Krallıq və Azərbaycanda keçib. Məryəm növbəti ildə dünyanın aparıcı biznes məktəblərindən birində təhsilini davam etdirməyi planlaşdırır. Leyla da bacısının yolunu davam etdirməyi düşünür.