Azərbaycanda “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarında hasilat aparan Kanadanın “Zenith Energy Ltd.” beynəlxalq neft və qaz hasilatı şirkəti oktyabrın 1-nə konsolidə edilmiş rüblük və yarımillik hesabatını açıqlayıb.
Şirkətdən verilən məlumata görə, şirkət bu dövrdə Azərbaycandakı aktivlərindən 18,707 və 39,122 min barel neft satıb.
Hesabat dövründə Şirkət İtaliyadakı aktivlərindən 2,647 və 5,499 mln. kubmetr təbi qaz, elektrik enerjisi aktivlərindən 2,669 və 5,448 Mvt/saat elektrik enerjisi satıb.
Şirkətin bu ilin sentyabr ayında başa çatan yarım ildə inzibati xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 44,2% azalaraq 2,497 mlrd. dollar olub.
Hesabat dövründə İsveçrəyə məxsus “Altasol SA” şirkəti “Zenith Enerji Ltd”ə olan 1 000 000 İsveçrə Frankı kredit borcunu qaytarıb.
Bu ilin ilk yarısında İtaliya mərkəzli “Canoel Italia S.r.l” şirkəti “Credito Valtellinese”yə olan 200 000 avro kredit borcunu qaytarıb.
Bu ilin avqustunda şirkət Kanada Birjasında(TSX-V- Canadian Stock Exchange) hər səhm üçün 0,04 dollar dəyərində ümumi olaraq dövriyyəyə 47 912,500 səhm buraxıb. Şirkət səhmlərin kütləvi tədavülündən 1 912 500 dollar gəlir əldə edib.
2019-cu ilin oktyabrın 1-də şirkət kreditorlarla uğurlu danışıqlar əldə edildiyini və nəticədə təsislərin borclarının dəyərinin 1 mln dollara qədər azaldığını və mənfəətin 1 080 523 dollara çatdığını elan edib.
Qeyd edək ki, 2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.
DiasporPress.az