Kanadada yaşayan azərbaycanlı gənclər Toronto şəhərində sentyabrın 27-dən bu günədək işğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda qətlə yetirdiyi mülki şəxsləri yad etmək məqsədilə bir araya gəliblər.
Soydaşlarımız münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrimizdə mülki əhalinin raket atəşinə tutulması, günahsız insanların, o cümlədən azyaşlıların qətlə yetirilməsi ilə bağlı məlumatları Kanada ictimaiyyətinin diqqətinə çatdırıb.
“Biz dinc əhaliyə qarşı müharibə cinayətlərinin qınanmasını, günahkarların cəzalandırılmasını istəyirik. Xəsarət almış soydaşlarımızın acılarına şərik olmaq, şəhidlərimizi daim xatırlamaq, belə vandallizm aktlarına qarşı səsimizi qaldırmaq və bu faktları yaşadığımız cəmiyyətlərə çatdırmaq bizim borcumuzdur” – deyə soydaşlarımız bildirib.
Aksiya zamanı azərbaycanlılar bir sıra simvolik mesajlardan istifadə ediblər. Belə ki, onlar yastıqlar üzərində qətlə yetirilən insanların adları yazılmış kiçik lövhələr, eləcə də qərənfillər düzərək, onların əksəriyyətinin yuxuda qətlə yetirldiyini və bütün bunların heç bir sözlə ifadə olunmayan müharibə cinayəti olduğunu diqqətə çatdırıblar.
Əllərində “Bəzən eşidilmədiyimiz üçün yazmalıyıq”, “Bəzən ağrının ən dərin ifadəsi sükutdur” sözləri yazılmış posterlər turan azərbaycanlılar bu yolla haqq səslərini çatdırıb və Ana Vətənə dəstək olduqlarını bəyan ediblər.
Aksiya yerli medianın diqqətini çəkib, bu barədə müxtəlif media orqanlarında, o cümlədən www.armeniakills.com saytında ətraflı məlumat dərc olunub.
Diasporpress.az