İsrail Dövlətinin Diaspor Məsələləri naziri Omer Yankeleviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məktub ünvanlayıb. Məktubda Azərbaycan Respublikası ilə İsrail dövlətinin vacib tərəfdaş olduğu, Azərbaycandakı yəhudi icmasının, eləcə də İsrailin azərbaycanlı icmasının iki ölkə arasında əlaqələrin möhkəmlənməsində əvəzsiz rol oynadığı qeyd olunub.
“İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli açıqlamasında nazirin komitə sədrinə məktubunun gələcək əhəmiyyətini şərh edib:
“Bu məktubun böyük əhəmiyyəti var. Bu o deməkdir ki, İsraildəki Azərbaycan diasporu diqqət mərkəzindədir. Çünki biz diaspor olaraq aktiv fəaliyyətə üstünlük veririk. Vətən müharibəsində Azərbaycan qələbə ilə ayrıldı. Ancaq bizim işimiz bitməyib. Bundan sonra üzərimizə daha böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, bundan sonrakı diaspor işimizdə erməni vəhşiliyini dünyaya bir daha çatdıraq. Qoy dünya görsün ki, Azərbaycan necə bir qaniçən və amansız düşmənlə savaşıb”.
“Azərbaycan Evi”nin rəhbərinin sözlərinə görə, İsrail hökumətinin qərarına əsasən İsrailin müttəfiqi, dostu, əməkdaşı Azərbaycan dövlətidir:
“Bu illər ərzində ölkələr arasında möhkəm dostluq yaranıb. Bu dostluğu İsrail hökuməti açıq formada dünyaya çatdırır. İsrail höküməti hər zaman Azərbaycan xalqının yanındadır. Azərbaycanla əməkdaşlıqdan çox razıdı”.
Ş.Mixaeli bildirib ki, artıq dövlət səviyyəli tədbirlər görmək lazımdır:
“Küçədə olan balaca mitinqlərin artıq vaxtı keçib. Biz bundan sonra hökumət səviyyəsində iş görməliyik. Azərbaycanda yaşayan israilli diaspor nümayəndəsi Arye Qutla bizim ciddi görüşlərimiz olacaq. İsrailli nazirləri Azərbaycana dəvət etmək istəyirik və Arye ilə bu məsələ üzərində işləyirik. Bizim nazirlərimiz hələ ki Azərbaycanda heç vaxt olmayıblar. Hesab edirəm ki, Azərbaycana gəlib, Azərbaycanla İsrail arasındakı dostluğu, əməkdaşlığı öz gözləri ilə görməlidirlər”.
Diasporpress.az