İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalant və onun rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Daha sonra qonaqlar dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə olub, burada yəhudi icmasının nümayəndələri ilə görüşüblər. Qəsəbəyə gələn nümayəndə heyəti buradakı sinaqoqlarla yaxından tanış olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bildirilib ki, yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.