İspaniyanın iyirmidən çox şəhərində repçi Pablo Aselin həbsi ilə əlaqədar başlayan etirazlar səngimək bilmir.
“RİA Novosti” xəbər verir ki, iğtişaşlar zamanı 13 nəfər yaralanıb, 34 etirazçı polis tərəfindən saxlanılıb.
Ən ciddi etirzlar Kataloniyanın paytaxtında baş verib. Radikallar Barselonanın mərkəzində iğtişaşlar törədiblər, quldurluq və talan faktları qeydə alınıb. Kataloniya Musiqi Sarayı və Fond Birjasının binaları ciddi zərər görüb. Radikallar yol kənarında park edilmiş motosiklləri və mopedləri yandırıblar. Tarraqonada bir qrup etirazçı məhkəmə binasının və bankın şüşələrini sındıraraq polisə şüşə qırıntıları atıb.
Kataloniyanın təcili yardım xidməti son hadisələrdə 13 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin orta qiymətləndirildiyini bildirib.
Qeyd olunur ki, ən sakit etiraz hərəkatı polisin patrul xidmətinin gücləndirildiyi Madriddə baş verib.
Xatırladaq ki, İspaniya şəhərlərində etirazlar fevralın 16-da monarxiyanı təhqir etdiyinə, həmçinin mahnılarında və sosial mediada qadağan olunmuş terror təşkilatlarını təbliğ etdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilmiş repçi Pablo Aselin saxlanılmasından sonra başlanıb.
Bünyamin Çingizoğlu
Diasporpress.az